Şokolad bir çox insan üçün əhvalı yüksəldən ən sevimli şirniyyatlardan biridir. Foodinfo.az BB.LV saytına istinadla xəbər verir ki, buna baxmayaraq, onun həddindən artıq istifadəsi diş çürüməsi, çəki artımı və digər sağlamlıq problemlərinə səbəb ola bilər. Mütəxəssislər daha faydalı alternativlərə üstünlük verməyi tövsiyə edirlər.

Şokoladın tərkibində olan bəzi əlavə maddələr, o cümlədən doymuş yağlar və emal olunmuş komponentlər orqanizmə mənfi təsir göstərə bilər. Buna görə də təbii və daha sağlam şirniyyatlara keçid həm enerji səviyyəsini qorumağa, həm də ümumi sağlamlığı dəstəkləməyə kömək edir.

Birinci alternativ kimi bal göstərilir. Bal təbii şəkər mənbəyi olmaqla yanaşı, vitamin və minerallarla zəngindir. Maddələr mübadiləsini sürətləndirir və düzgün istifadə edildikdə gündəlik enerji ehtiyacını qarşılamağa kömək edir.

İkinci seçim halvadır. Halva A, B və E vitaminləri ilə zəngin olub görmə qabiliyyətinə, yaddaşa və ürək fəaliyyətinə müsbət təsir göstərir. Şirin ehtiyacını daha sağlam formada qarşılamaq üçün yaxşı alternativ hesab olunur.

Üçüncü yerdə zefir qərarlaşır. Onun tərkibində olan pektin orqanizmdən zərərli maddələrin çıxarılmasına və xolesterinin azalmasına kömək edir. Daha faydalı olması üçün boyasız və şokolad örtüyü olmayan növlər seçilməlidir.

Pastila da faydalı şirniyyatlar sırasındadır. Meyvə və giləmeyvələrdən hazırlanan bu məhsul yağsız olur və pəhriz zamanı belə istifadə oluna bilər. Eyni zamanda orqanizmi vitaminlərlə təmin edir və sinir sistemini dəstəkləyir.

Siyahının sonuncu sırasında qatılaşdırılmış süd yer alır. Həkimlər onu tam sağlam alternativ kimi tövsiyə etməsələr də, tərkibindəki zülal və kalsium sayəsində müəyyən faydalar təqdim edir. Bununla belə, yüksək kalorili olduğu üçün normada istifadə olunması vacibdir.