Bəzi qidalar insanda enerji əvəzinə əksinə, yorğunluq və halsızlıq hissi yaradır. Foodinfo.az xəbər verir ki, bu barədə Rusiya Biotexnologiya Universitetinin (ROSBIOTEX) Qida mühəndisliyi və biotexnologiya institutunun direktoru, texnika elmləri namizədi Dmitri Kulikov RT-yə müsahibəsində danışıb.

Mütəxəssis ilk növbədə ağ çörək, şirniyyat, qazlı içkilər və saf şəkəri riskli məhsullar kimi göstərib. Onun sözlərinə görə, bu qidalar “sürətli karbohidratlar” sayılır və orqanizmdə oreksin adlı neyromediatorun fəaliyyətini bloklayır. Oreksin insanın oyanıqlığına və enerjisinə cavabdehdir.

“Sürətli karbohidratlar qanda qlükozanı sürətlə qaldırır, ancaq az sonra onun səviyyəsi kəskin düşür. Nəticədə insan özünü halsız, əsəbi və yuxulu hiss edir”, — deyə Kulikov izah edib.

Mütəxəssis həmçinin kartof fri, pitsa, hamburqer və kolbasa kimi fastfud məhsullarını da siyahıya daxil edib. O bildirib ki, bu yeməklər çoxlu sadə karbohidrat, doymuş və trans yağlarla, həmçinin konservantlarla zəngindir. Bu isə həzmi çətinləşdirir və orqanizmin enerjisini azaltdığı üçün yeməkdən sonra insan özünü ağır və yorğun hiss edir.

Alim həmçinin alkoqolun da bədəndə yuxululuq və diqqət azalması yaratdığını vurğulayıb. Bunun səbəbi, oyanıqlığı təmin edən adrenalin, noradrenalin və asetilxolinin səviyyəsinin enməsi, eyni zamanda yuxu yaradan serotonin və GABA maddələrinin artması ilə bağlıdır.

Bundan əlavə, çips, duzlu qəlyanaltılar və konservlər kimi məhsullar da yuxululuq yarada bilər. Duzlu qidalar bədəndə suyun yığılmasına və təzyiqin artmasına səbəb olur. Digər tərəfdən, natrium çatışmazlığı da zəiflik və əzələ tonusunun azalması ilə özünü göstərə bilər.

Kulikovun sözlərinə görə, kofe və enerji içkiləri də həddən artıq istifadə olunduqda bədəndə əks təsir yaradır:
“Kofein adenozin adlı maddə ilə reaksiyaya girir. Adenozin normal yuxu ritmini və dərin yuxu fazasını təmin edir. Yuxusuzluq zamanı adenozin artdığı üçün, çoxlu kofein qəbul etmək orqanizmdə balansı pozur və nəticədə yenə də yuxululuq yaranır.”

Mütəxəssis balanslı qidalanmanın və təbii enerji mənbələrinin — zülal, kompleks karbohidrat və vitaminlərlə zəngin məhsulların — daha uzunmüddətli enerji verdiyini qeyd edib.