IDEA İctimai Birliyi və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə təşkilatçılığı ilə Azərbaycanın daxili su hövzələrinin bioresurslarının mühafizəsi və bərpasına yönəlmiş genişmiqyaslı “Zəngin hövzələr” layihəsi çərçivəsində balıq körpələrinin növbəti buraxılışı həyata keçirilib.
Foodinfo.az APA-ya istinadən xəbər verir ki, gənc könüllülərin iştirakı ilə 5000 ədəd qızılxallı balığının körpələri Göygölə buraxılıb.
Qeyd edək ki, son onilliklər ərzində ölkəmizin su hövzələrindəki balıq növlərinin təbii populyasiyaları insan fəaliyyətinin mənfi təsirləri nəticəsində məhvolma təhlükəsi həddinə çatıb. Bununla əlaqədar Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə Azərbaycanın və Qafqaz regionunun su faunasının qorunması və bərpası üzrə bir sıra mühüm təşəbbüslər həyata keçirilir. "Zəngin hövzələr” layihəsi balıq növlərinin təbii populyasiyasının artırılması, balıqartırma zavodlarında yetişdirilən müxtəlif növ balıq körpələrinin təbii mühitə buraxılması, eləcə də daxili su hövzələrində çirkləndirilmənin azaldılması, qanuni və sivil qaydalarla balıq ovunun təşviqi üzrə tədbirlərin həyata keçirilməsini nəzərdə tutur. Ötən ilin may ayında start verilmiş layihə çərçivəsində indiyədək ümumilikdə 2 milyona yaxın müxtəlifnövlü balıq körpələri buraxılmışdır.
“Zəngin hövzələr” layihəsi, eyni zamanda, balıqların kürütökmə dövrü ilə əlaqədar 1 may tarixindən elan olunan 4 aylıq moratoriuma təsadüf edir. Bununla əlaqədar, layihə təşkilatçıları bütün vətəndaşları balıq ehtiyatlarının qorunmasında, qadağan olunmuş üsullarla balıq ovunun qarşısının alınmasında yaxından iştirak etməyə, məsuliyyətli balıq ovlanmasının təbliğinə və təşviqinə dəstək verməyə, balıq ehtiyatlarının artımının qarşısını alan bütün hərəkətlərdən imtina etməyə çağırır.
Son xəbərlər
- Qan təzyiqi olanlar bu çayı içməsin
- AQTA HACCP sisteminin tətbiqi ilə bağlı sahibkarlara müraciət edib
- Şirin kartof dəri sağlamlığına faydalıdır
- Xiyar tərəvəzdir yoxsa meyvə?
- Həkim xurmanın ölümcül təhlükəsi barədə xəbərdarlıq edib
- Arıqlamaq və 20 il daha uzun yaşamaq üçün ideal səhər yeməyi