Azərbaycanda dövlət qeydiyyatına alınan dərman vasitələrinin qiyməti 2015-ci ildən başlayaraq Tarif Şurası tərəfindən tənzimlənsə də bu, ötən müddətdə qiymətlərin yüksək olması ilə bağlı şikayətlərin azalmasına səbəb olmayıb. Əksinə, son dövrlər narazılıqlar bir az da artıb. Hərçənd ki, qiymətlərin tənzimlənməsi əksər dərman vasitələrinin bir neçə dəfə ucuzlaşmasına səbəb olmuşdu. Heç kəsə sirr deyil ki, Azərbaycanda əksər həkimlərin gəlir mənbələrindən biri də əczaçılıq şirkətləridir. Xəstələrin müalicəsi üçün yazılan vasitələrin müqabilində şirkətlər həkimlərə ödəniş edirlər. Foodinfo.az “Qafqazinfo”yaa istinadən xəbər verir ki, aptek sahəsində çalışanlardan əldə edilən məlumata görə, həkim reseptlərində əvvəllər dərman vasitələri, xüsusilə də antibiotiklər üstünlük təşkil edirdisə, hazırda bioloji fəallığa malik qida əlavələri daha çoxdur. Məsələ burasındadır ki, dərman qiymətlərinin tənzimlənməsi şirkətlərin bu vasitələrin xəstələrə təyin edilməsinə görə əvvəlki səviyyədə ödəniş etmələrinə imkan vermir. Bu baxımdan xəstəliklərin müalicəsində bir çox hallarda dərmanları bioloji fəallığa malik qida əlavələri “əvəz etməli” (bu ifadəni dırnaqda yazmağımızın səbəbi yazının sonrakı hissəsində məlum olacaq) olub. Dərman vasitələrindən fərqli olaraq ölkəyə idxal prosesi xeyli sadə olan (bu məhsullar dövlət qeydiyyatına alınmır) bioloji fəallığa malik qida əlavələrinin qiymətləri tənzimlənmir, sərbəst olaraq müəyyən edilir. Sahibkar qiyməti sərbəst şəkildə müəyyən etdiyindən məhsulun xəstələrə təyin edilməsi üçün ödədiyi məbləği məhsulun maya dəyərinə əlavə edə bilir. Araşdırmamız nəticəsində məlum olur ki, son illərdə belə məhsulların ölkədə geniş yayılması şirkətlər arasında rəqabət yaratdığından bu da marketinq xərclərini (əsasən həkimlərə edilən ödənişlər) artırır. Şübhəsiz ki, maya dəyərinin artması qiymətin yüksəlməsini qaçılmaz edir. Təsadüfi deyil ki, bir neçə il əvvəl Dövlət Gömrük Komitəsinin ilin yekunu ilə bağlı keçirdiyi mətbuat konfransında bioloji fəallığa malik qida əlavələrinin gömrük dəyəri ilə apteklərdəki satış qiyməti arasında 6 dəfəyə qədər fərq olduğu bildirilmişdi. Bu da həkim reseptlərində özünü büruzə verir. Eyni zamanda, qiymətin tənzimlənməməsi apteklər arasında da fərqin olmasına şərait yaradır. Digər tərəfdən bu məhsullar xəstəliklərin qarşısının alınması və ya müalicəsi məqsədilə təyin olunan dərman vasitələrini əvəz etmir. Qanunvericiliyə görə,  bioloji fəallığa malik qida əlavələri qida rasionunu zənginləşdirmək məqsədilə bitki, heyvan, mineral mənşəli və ya kimyəvi yolla alınmış bioaktiv maddələr və onların komplekslərinin farmasevtik formada hazırlanaraq gündəlik qəbuletmə dozası müəyyənləşdirilmiş məhsullardır. “Dərman vasitələri haqqında” Qanuna görə, bioloji fəallığa malik qida əlavələri dərman vasitəsilə eyni tərkibli və eyni dozalı ola bilməz. Həmin Qanuna görə, bioloji fəallığa malik qida əlavələri orqanizmin gücləndirilməsi, qidanın zənginləşdirilməsi üçün həkim tərəfindən ancaq tövsiyə oluna bilər, onların həkim reseptinə yazılması qadağandır. Ancaq əczaçılar deyirlər ki, buna da “çarə” tapılıb. Belə ki, şirkətlər həkimləri resept blankına oxşar “tövsiyə vərəqəsi” adlanan qeyd dəftərləri ilə “təchiz ediblər”. Nəticədə, məsələn apteklərdə dərman vasitəsi kimi satışda olan 15 ml məhlulun tərkibində 50 000 BV D3 vitaminini 3,46 manata olduğu halda xəstələr bioloji fəallığa malik qida əlavəsi kimi təqdim olunan eyni miqdarda məhsul üçün 16-20 manat arasında xərc çəkməli olur. Lakin o da qeyd edilməlidir ki, son aylarda Tarif Şurası tərəfindən dərman vasitələrinin qiymətlərində bir neçə dəfə dəyişiklik edib. Bununla belə, qiymətləri tənzimlənən dərman vasitələrinin siyahısına nəzər salanda məlum olur ki, burada 13 690 çeşiddə dərman vasitəsi var ki, bunun da 68,3 faizinin və ya 9357-sinin qiyməti 29 noyabr 2016-cı ildən bəri dəyişməyib. Həmin vaxt dərman vasitələrinin qiymətləri milli valyutanın ucuzlaşması səbəbindən dəyişdirilmişdi.