Bioloji fəallığa malik qida əlavələri qida rasionunu zənginləşdirmək məqsədilə bitki, heyvan, mineral mənşəli və ya kimyəvi yolla alınmış bioaktiv maddələr və onların komplekslərinin müvafiq formada hazırlanan gündəlik qəbuletmə dozası müəyyənləşdirilmiş məhsullardır.
Foodinfo.az xəbər verir ki, bioloji fəallığa malik qida əlavələrinin idxalı “Yeyinti məhsullarına verilən qida təhlükəsizliyi sertifikatının forması və verilmə Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasi Nazirlər Kabinetinin 16 iyul 2018-ci il tarixli 302 saylı Qərarına, ekspertizası isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10 iyul 2018-ci il tarixli 287 nömrəli Qərarı ilə təsdiq edilmiş “Bioloji fəallığa malik qida əlavələrinin ekspertizadan keçirilməsi Qaydası”na uyğun olaraq həyata keçirilir.
Bu sahədə qanunvericiliyin tələblərinə riayət olunması və istehlakçıların hüquqlarının qorunması məqsədilə davamlı olaraq bioloji fəallığa malik qida əlavələrinin idxalı sahəsində fəaliyyət göstərən sahibkarların maarifləndirilməsi istiqamətində işlər aparılır, görüşlər keçirilir. Lakin bir çox hallarda sahibkarlar tərəfindən qanunvericiliyin tələblərinin pozulduğu müşahidə olunmaqdadır.
Belə ki, qanunvericiliyin tələbinə əsasən, bioloji fəallığa malik qida əlavələrinin istifadə təlimatında “Xəstəliklərin müalicəsi məqsədilə istifadə edilə bilməz” ifadəsi qeyd edilməlidir. Həmçinin bioloji fəallığa malik qida əlavələri orqanizmin gücləndirilməsi, qidanın zənginləşdirilməsi məqsədilə həkim tərəfindən tövsiyə oluna bilər, lakin xəstəliklərin qarşısının alınması və ya müalicəsi məqsədilə təyin olunan dərman vasitələrini əvəz etmir. Bu tələblərdən irəli gələrək, BFMQƏ-nin istifadə təlimatında hər hansı xəstəliyin adı, profilaktikası və müalicəsi məqsədilə istifadə edilməsi barədə məlumat və ya bu cür təəssürat yaradan ifadələrin göstərilməsinə yol verilmir.
AQTA bəyan edir ki, ölkəyə gətirilən bioloji fəallığa malik qida əlavələrinin idxalı və satışı prosesləri mövcud qanunvericiliyin tələbləri çərçivəsində təmin edilməlidir.
Ona görə də bu sahədə fəaliyyət göstərən sahibkarlıq subyektləri qanunvericiliyin tələblərinə ciddi şəkildə əməl etməli, istehlakçılar isə bu məhsulları alarkən qablaşma üzərində olan və ya içlik vərəqəsində qeyd olunmuş istifadə təlimatı ilə diqqətlə tanış olmalıdırlar.
Son xəbərlər
- Ət üçün daha ucuz və sağlam əvəzedici
- Kişi timsahla “döyüşərək” həyatını xilas edib
- Kosmetoloq dəri üçün faydalı və zərərli məhsullardan danışıb
- İmmuniteti gücləndirən məhsulları siz də tanıyın
- Diyetoloq keyfiyyətsiz qozun zərərlərindən danışıb
- Ən faydalı göbələk: Çox antioksidant ehtiva edir