Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) növbəti dəfə “Könüllü Qida Nəzarətçisi” proqramı çərçivəsində könüllü qəbulu elan edir. Agentlikdən Foodinfo.az-a bildirilib ki, Layihənin məqsədi gənclərin potensialından daha səmərəli istifadə etmək, onlara peşə vərdişlərini aşılamaq, onların təcrübi biliklərini artırmaq, yaradıcı və innovativ potensialının üzə çıxarılmasını dəstəkləmək, cəmiyyətin bütün sahələrində gənclərin fəal iştirakına şərait yaratmaq və ölkədə könüllülük hərəkatını inkişaf etdirməkdir. Proqramda könüllü qismində iştirak etmək üçün ali və ya peşə ixtisas təhsili (istehlak mallarının ekspertizası və marketinqi, standartlaşdırma və sertifikasiya mühəndisliyi, tibbi profilaktika, aqronomluq, baytarlıq, balıqçılıq və balıqçılıq təsərrüfatı işi, bitki mühafizəsi, qida məhsulları mühəndisliyi, biologiya, kimya, kimya mühəndisliyi) olan, 16-29 yaş arası gənclər müraciət edə bilər. AQTA-nın “Könüllü Qida Nəzarətçisi” olmaq istəyən gənclər qurumun rəsmi internet portalına (afsa.gov.az) daxil olub, “Könüllülər” bölməsində qeydiyyatdan keçərək müraciət edə bilərlər. http://afsa.gov.az/az/info#volunteer Qeyd edək ki, layihə “Könüllülük fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq təşkil olunur.