Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) əməkdaşları UNICEF-in Azərbaycandakı nümayəndəliyinin proqram rəhbəri ilə görüşüb.
Foodinfo.az xəbər verir ki, görüşdə AQTİ-nin fəaliyyəti ilə bağlı UNICEF-in nümayəndəsinə ətraflı məlumat verilib və bilidirilib ki, sağlam qidalanmanın təşviqi və bu istiqamətdə mövcud qanunvericilik bazasının təkmilləşdirilməsi üçün yeni texniki normativ hüquqi akt layihələrinin hazırlanması, həmçinin müvafiq elmi araşdırmaların aparılması İnstitutun fəaliyyətinin prioritet istiqamətlərindəndir.
Adıçəkilən beynəlxalq qurumun Səhiyyə və Qidalanma Proqramının rəhbəri Töhfə Cəmilova UNICEF-in Azərbaycan üzrə 2021-2025-ci illər üçün “Əməkdaşlıq Proqramı" çərçivəsində həyata keçirilməsi nəzərdə tutulan tədbirlərlə bağlı məlumatı görüş iştirakçılarının diqqətinə çatdırıb və qeyd edib ki, hazırda sözügedən proqramın icrasının təmin edilməsi məqsədilə aidiyyəti dövlət orqanları ilə birlikdə 2 illik fəaliyyət planı hazırlanır.
Görüş zamanı tərəflər arasında əməkdaşlıq istiqamətləri və perspektivlərə dair fikir mübadiləsi aparılıb, o cümlədən məktəbəqədər yaşda olan uşaqların və məktəblilərin qidalanması sahəsində normativ hüquqi bazanın təkmilləşdirilməsi, onların qidalanma metodologiyasının müəyyənləşdirilməsi, eyni zamanda bəhs edilən məsələlər və ana südü ilə qidalanmanın əhəmiyyəti barədə maarifləndirmə işlərinin genişləndirilməsi üçün birgə tədbirlərin həyata keçirilməsi haqqında ilkin razılıq əldə olunub.
[gallery ids="34697,34698,34699,34700,34701"]