2021-ci ildə Azərbaycanda 33 332 təsərrüfatda mövcud olan 625,3 min arı ailəsindən 6 802,7 ton bal, 172,6 ton mum, 15,6 ton vərəmum, 17,8 ton güləm və 215,4 kq arı südü əldə olunub.
Foodinfo.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Məlumata görə, ötən il balın 1 kiloqramının orta satış qiyməti 25,3 manat, mumun 1 kiloqramının orta satış qiyməti 13,2 manat, vərəmumun 1 kiloqramının orta satış qiyməti 92,3 manat, güləmin 1 kiloqramının orta satış qiyməti 117,5 manat, arı südünün 1 qramının orta satış qiyməti isə 6,5 manat olub.
“Arıçılığın inkişafının stimullaşdırılması haqqında” ölkə prezidentinin 5 mart 2018-ci il tarixli sərəncamına əsasən, arıçılıqla məşğul olan şəxslərə saxladıqları hər arı ailəsinə (pətəyə) görə 10 manat subsidiya müəyyən edilib. Bu, arıçılığın inkişafını stimullaşdırıb, kənd yerlərində kiçik sahibkarlığın dəstəklənməsi və məşğulluğun təmin edilməsinə şərait yaradıb, bu sahədəki potensialdan istifadə imkanlarını genişləndirib. Belə ki, 2017-ci illə müqayisədə 2021-ci ildə arı ailələrinin sayı 2,3 dəfə, bal istehsalı isə 2,2 dəfə artıb. Ümumiyyətlə, “Arıçılıq haqqında” qanunun qəbul edildiyi dövrdən sonrakı 13 ildə bal istehsalı 4,8 dəfə, arı ailələrinin sayı 4,4 dəfə artıb, arıçılıqla məşğul olan təsərrüfatların hər birinə orta hesabla düşən arı ailələrinin sayı isə 11,1-dən 18,8-dək yüksəlib.
Son xəbərlər
- Hazır şorbalar ilə heç vaxt bu səhvlərə yol verməyin
- Axşam yeməyi üçün ən pis içkilər
- Bitki yağı nümunəsinin müayinəsi üzrə keçirilən laboratoriyalararası səriştəlilik sınağının nəticəsi məlum olub
- Turş naringiləri 30 saniyə ərzində necə şirinə çevirmək olar?
- Pendirin ən sağlam növləri hansılardır?
- Kəsilmiş limonu soyuducuda saxlamaq olarmı?