Bakı Apellyasiya Məhkəməsində külli miqdarda dələduzluğa cəhd və rüşvət verməyə təhriketmə cinayətlərində təqsirləndirilən Kənan Quliyev, atası Hikmət Quliyev və Mehdi Sadıxovun barəsin olan hökmdən verilən apellyasiya şikayətinə baxılıb.
Foodinfo.az Report-a istinadən xəbər verir ki, hakim Qədim Babayevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsaəsn, K.Quliyevlə M.Sadıxovun 8 il müddətinə azadlıqdan məhrumetmə cəzası 6 ilə, H.Quliyevin 7 il müddətinə azadlıqdan məhrumetmə cəzası isə 5 il 6 aya endirilib.
İttiham aktına görə, həmin şəxslər “Lady Sharm” mağazalar şəbəkəsinin həbs edilən vəzifəli şəxslərinin cinayət işi üzrə ittiham edilən Səməd İsmayılova qarşı cinayət törətməkdə təqsirli biliniblər. Belə ki, “Lady Sharm” mağazalar şəbəkəsinin həbs edilən vəzifəli şəxsləri - Ziyarət Abbasov, Elnur və Səməd İsmayılov qardaşlarıdır. Onlar ayrı-ayrı firmaların əmtəə nişanından istifadə edərək müxtəlif geyimləri brend mallar adı altında satmaqda ittiham edilirlər. E.İsmayılov "Lady Sharm" MMC-yə daxil olan mağazalar şəbəkəsinin direktoru olub.
Həmin cinayət işi üzrə istintaq davam edən ərəfədə S.İsmayılov azadlıqda olub. O, qardaşı Elnuru həbsdən çıxmasına kömək edəcək vəzifəli adamlar axtarmağa cəhdlər göstərib. S.İsmayılov əvvəlcə tanışı Azər Piriyev vasitəsi ilə adam soraqlaşmağa başlayıb. A.Piriyev də işçisi, “Carçıoğlu Group” MMC-də mühasib işləyən K.Quliyevin atası H.Quliyevə müraciət edib, vəzifəli tanışlarının olub-olmadığını soruşub.
H.Quliyev də dostu M.Sadıxova müraciət edib. M.Sadıxov isə yüksək vəzifəli tanışlarının olduğunu deyərək bu işi həll edə biləcəyini vəd edib və bu işdən pul qazanmaq istəyib. Bu işdən H.Quliyev də gəlir əldə etməyi planlaşdırıb.
300 min manata danışılan işə görə əvvəlcə 50 min manat pul verən S.İsmayılov işlərin düzəlmədiyini görəndə hüquq-mühafizə orqanlarına müraciət edib. Onun şikayətini araşdıran istintaq orqanı belə qənaətə gəlib ki, H.Quliyev M.Sadıxovla əvvəlcədən plan quraraq S.İsmayılovun pulunu ələ keçirmək istəyiblər. Məqsəd isə ələ keçirdikləri pulu şəxsi ehtiyaclarına xərcləmək olub.
Bu iş üzrə H.Quliyev M.Sadıxovla yanaşı, K. Quliyev də həbs edilib. K.Quliyev H.Quliyevin oğlu kimi bu cinayətin iştirakçısı hesab olunur.
Dəymiş zərər 50 min manat istintaq zamanı S.İsmayılova ödənilib. Həmin ərəfədə S.İsmayılovun özü “Lady Sharm” mağazalar şəbəkəsinin cinayət əməllərinə görə həbsə salınıb.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə H.Quliyevlə M.Sadıxov 8 il, K.Quliyev isə 7 il müddətinə azadlıqdan məhrum ediliblər. Hökmdən narazı qalan məhkumlar apellyasiya şikayəti veriblər.
Son xəbərlər
- Ət üçün daha ucuz və sağlam əvəzedici
- Kişi timsahla “döyüşərək” həyatını xilas edib
- Kosmetoloq dəri üçün faydalı və zərərli məhsullardan danışıb
- İmmuniteti gücləndirən məhsulları siz də tanıyın
- Diyetoloq keyfiyyətsiz qozun zərərlərindən danışıb
- Ən faydalı göbələk: Çox antioksidant ehtiva edir