Son günlər mövsümi soyuqdəymə halları artdıqca öskürəkdən əziyyət çəkənlərin sayı da çoxalır. 

Foodinfo.az xəbər verir ki, öskürəyin yüngülləşdirilməsi üçün bir sıra təbii və tibbi üsullardan istifadə etmək mümkündür.

İlıq mayelərin qəbulu öskürəyin azalmasında mühüm rol oynayır. Zəncəfil, çobanyastığı və adaçayı kimi bitki çayları boğazı yumşaldaraq qıcıqlanmanı azaldır. 

Xüsusilə balın gecə saatlarında qəbulunun öskürəyi sakitləşdirdiyi qeyd olunur. Bununla yanaşı, bol su içmək bəlğəmin durulaşmasına kömək edir.

Quru öskürək zamanı boğazı sakitləşdirən şərbət və pastillərdən, bəlğəmli öskürək zamanı isə bəlğəmgətirici vasitələrdən istifadə olunmasını tövsiyə edilir. Ev şəraitində isti buxar qəbulunun da nəfəs yollarını rahatlatdığı bildirilir.

Eyni zamanda siqaret tüstüsündən və tozlu mühitdən uzaq durmaq, otaqların havasının nəmləndirilməsi məsləhət görülür. 

Öskürək iki-üç həftədən çox davam edərsə, qızdırma, sinə ağrısı və ya nəfəs darlığı müşahidə olunarsa, mütləq həkimə müraciət edilməlidir.

Xüsusilə uşaqlar və yaşlı şəxslərdə öskürək ciddi xəstəliklərin əlaməti ola bilər və özbaşına müalicədən çəkinmək vacibdir.