BMT-nin baş katibi Antonio Quterreş “Aftonblade” nəşri üçün yazdığı məqalədə koronavirus pandemiyasının fəsadları ilə bağlı proqnozlar verib. Baş katib bildirib ki, koronavirus pandemiyasından sonra dünyadakı hadisələr iki senari üzrə inkişaf edəcək. Onun sözlərinə görə, ya bütün ölkələr virusa qalib gələcək, ya da dünya 5-7 il davam edən qlobal depressiyaya yuvarlanacaq:
“Qlobal depressiya başlayacağı dönəmdə dünyada sərt rəqabət yaradacaq, bu zaman xəstəliklə yalnız inkişaf etmiş ölkələr bacaracaq. Əgər bu senari həyata keçsə, dünyada populizm və ksenofobiyanın artdığını görəcəyik. Hər ölkə özbaşına hərəkət edəcək”. Əksər psixoloqlar da koronavirus bəlasının, xüsusən uzun müddət tətbiq olunan karantin rejiminin bəzi insanların psixologiyasına mənfi təsri göstərdiyini söyləyirlər. Hətta günlərlə evindən çıxa bilməyən və prosesin sonunu görməyən şəxslərin ağır depressiyaya düşməsi də müşahidə olunur. Cəmiyyətin narahatlığına səbəb olan mövzu ilə bağlı “Şərq”in suallarını cavablandıran psixoloq Azad İsazadə vurğulayıb ki, sərt karantin rejimində bəzi şəxslərin depressiyaya düşməsi və aqressiya nümayiş etdirməsi mümkündür. - Azad müəllim, Quterreşin “postpandemiya dövründə insanlar qlobal depressiyaya düşəcək” iddiasını necə dəyərləndirirsiniz? - Əvvəla onu deyim ki, BMT baş katibinin işlətdiyi “qlobal depressiya” sözü maraqlı ifadədir. Bu söz daha çox şüara bənzəyir, nəinki real vəziyyəti əsk etdirir. Məsələ ondadır ki, depressiyanın faizi periodik çoxala və azala bilir. Depressiya ilə paralel aqressiya meydana çıxır və əks tərəfdə dayanır. Aqressiya da nisbətdə azalır, yaxud çoxalır. Şərti götürsək, insanların 15 faizi depressiya, digər 15 faizi aqressiya vəziyyətində olursa, yerdə qalan böyük əksəriyyət əsasən normal halda olur. Nə zaman ki, kütlədə 15 faizlik aqressiya çoxalır, o halda müharibələr başlayır. Amma indi qlobal depressiyadan danışmaq doğru deyil. Çünki qlobal mənada əhalinin təxminən 60-70 faizi depressiv olmalıdır. Bu da mümkün deyil. Sadəcə real olan odur ki, bir insanın depressiyaya düşməsi onu aqressivləşdirə bilər. Yəni depressiyanın faizinin yüksəlməsi bir müddət sonra aqressiyaya çevrilər. Kimsə proseslərə sırf depressiya ilə qarşılıq verirsə, digər şəxsin bunu aqressiya ilə qarşılaması mümkündür. Hazırda bizim cəmiyyətimizdə də həm depressiya, həm də aqressiya müşahidə olunur. Ölkəmizdə sərt karantin rejimi bəzi insanları depressiyaya salıb. Onlar evdən çıxmır, özlərinə qapanır və baş verənlərdən qorxurlar. Ancaq xəstəliyi vecinə almayan, bütün günü küçələrdə maskasız gəzən, sosial məsafə saxlamayan insanlar daha çox aqressivləşirlər. - Baş katib depressiyanın 5-7 il davam edəcəyini də vurğulayıb. Həqiqətən insanların depressiyadan çıxması bu qədər uzun çəkə bilərmi? - Belə bir anlayış var. XX əsrin 29-30-cu illərində dünyada uzunmüddətli iqtisadi depressiya yaranmışdı. Ola bilər, Quterreş 5-7 deyəndə sırf psixoloji depressiyanı deyil, iqtisadi böhranın yaratdığı depressiv mühiti nəzərdə tutur. Uzun müddət davam edən koronavirus pandemiyasından sonra iqtisadi-maliyyə krizisi, yaxud depressiv böhran yaşana bilər. Depressiya sözü bir neçə mənada işlənir. Quterreş nüfuzlu qurumun rəhbəri olsa da, hər halda psixoloq deyil. Ya kiminsə araşdırmalarına söykənərək bunları deyib, ya da başqa termini nəzərdə tutub. - Sizcə, insanlar pandemiyanın səbəb olduğu ölümlərdən, yoxsa karantin rejiminin məhdudiyyətlərindən depressiyaya düşürlər? Yəni, depressiyanı yaradan konkret amil varmı? - Biz bir şeyi dəqiq başa düşməliyik. İndiki halda bir nəfərdə depressiyaya səbəb olan konkret hansısa amil digər insana ümumiyyətlə təsir göstərməyə bilər. Başqa üçüncü şəxsdə isə aqressiya yaradar. Deməli, birbaşa depressiya yaradan konkret amil yoxdur. İnsanların çox müxtəlif səbəblərdən depressiv olması mümkündür. Karantinin yaratdığı stresi sinir sistemimiz necə qəbul edirsə, psixoloji durumumuz necədirsə, hadisələrə reaksiyamız da o cür olur. Burada pandemiya və karantin məsələsi var. Koronavirusdan qorxan insan özünü avtomatik təcrid edir və karantində yaşayır. Mən adam tanıyıram ki, artıq 4 aydır qorxusundan evdən bayıra çıxmır. Heç SMS icazələrdən də istifadə etmir. Başqa bir şəxs isə virusdan qorxmur, amma sərt karantin rejiminin qaydalarına görə evdə, dörd divar arxasında qalmağa məcbur olur və depressiyaya düşür. Görürsüz, iki fərqli amil iki müxtəlif depressiv halı üzə çıxarmış oldu. Yəni depressiyanı konkretləşdirmək olmaz, çünki formaları fərqlidir. Pandemiya ilə karantin ayrılıqda depressiv simptomlar yaradır. Ola bilər, bir adamda bunların ikisi də üzə çıxar. Adam həm virusdan, həm də qapalı yerdə qalmaqdan qorxur. Sözsüz ki, bu cür şəxslərin depressiv halı ikiqat ağırlaşır. - Karantində depressiyaya düşərək sizə müraciət edənlər olubmu? - Əlbəttə, olub, indi də davam edir. Praktiki hər gün 4-5 nəfərlə onlayn konsultasiya keçirirəm. Əslində depressiyaya düşənlərin sayı kifayət qədərdir. Birbaşa yanıma gələnlər azdır, çünki icazə almaq problemləri var. Həm də evdən çıxmağa qorxurlar. Həmin şəxslərlə onlayn qaydada işləyirəm. Elə gün olmur ki, işləməyim. Hər gün telefonla, skaypla, votsapla, feysbukla psixoloji durumu pozulmuş insanlarla əlaqə qururam və onlara yardımçı olmağa çalışıram. - Cəmiyyətdə depressiya ilə bağlı vəziyyət çoxmu ciddidir? Həlli yolları yoxdurmu? - Etiraf edim ki, depressiyaya düşənlərin sayı günbəgün çoxalır. Amma şükürlər olsun ki, həlledici formadadır. Bilirsiz, depressiyaya düşən insan heç olmasa nə vaxtsa psixoloqa müraciət edir. Amma indiki durumda aqressivləşmiş adamlar həkimlərə üz tutmurlar. Halbuki, onların aqressiyası ətraflarına da yayılır və bu, çox ciddi təhlükədir. Bu cür adamlar psixoloji gərginlik yaymaqdan savayı, qoruyucu qaydalara əməl etmədiklərinə görə, başqa insanlara virus da yoluxdururlar. Yəqin ki, onlara da ancaq fərqli təbliğat metodları ilə təsir göstərmək mümkündür.