Sağlam qidalanma hər kəs üçün eyni qaydalarla müəyyən edilə bilməz. Foodinfo.az xəbər verir ki, diyetoloq Viktoriya Qovoruşko hər bir insanın orqanizminin fərqli xüsusiyyətlərə malik olduğunu və buna görə də qidalanmada şəxsi yanaşmanın vacib olduğunu bildirib.
Onun sözlərinə görə, bir insana xeyirli olan qida digərinə mənfi təsir göstərə bilər. “Məsələn, balıqla tərəvəzlərin birləşməsi bir çoxları üçün sağlam seçim sayılır. Amma elə insanlar var ki, onların orqanizmi yağlı balığı və ya çiy tərəvəzləri qəbul edə bilmir. Buna görə də hər kəs öz bədəninin tələbatına uyğun qidalanmalıdır,” – deyə Qovoruşko qeyd edib.
Diyetoloq əlavə edib ki, orqanizmi həddindən artıq müxtəlif məhsullarla yükləmək düzgün deyil. “Yeməklərdə çoxlu ərzağı bir-birinə qatmaq orqanizmi yorur. Ən vacibi – sadə, balanslı və rahat həzm olunan menyuya üstünlük verməkdir,” – deyə o bildirib.
Eyni mövzuya münasibət bildirən qastroenteroloq Olqa Çistik isə axşam yeməyinin yüngül olmasının vacibliyini vurğulayıb. Onun sözlərinə görə, axşam saatlarında çox yemək, xüsusilə də şəkər və kofein tərkibli məhsullar qəbul etmək yuxu keyfiyyətini azaldır.
“Yuxudan bir neçə saat əvvəl içilən bir fincan qəhvə belə dərin yuxu fazasını azalda bilər. Əgər insan gec saatlarda evə qayıdırsa, yeməyi iki hissəyə bölmək daha yaxşıdır: əvvəlcə yüngül qəlyanaltı, daha sonra isə yuxudan bir saat əvvəl sadə və asan həzm olunan yemək,” – deyə Çistik məsləhət görüb.
Mütəxəssislər hesab edirlər ki, fərdi yanaşma və düzgün qida seçimi həm yuxu keyfiyyətini, həm də ümumi sağlamlığı yaxşılaşdırır.






