Oynaqların sağlam qalması üçün seçilən içkilər böyük rol oynayır. Foodinfo.az Aif.ru saytına istinadla xəbər verir ki, ortoped-travmatoloq, endoprotezləşdirmə üzrə mütəxəssis Pavel Semiçenkov bəzi populyar içkilərin oynaqlara zərər verə biləcəyini, digərlərinin isə əksinə, oynaq sağlamlığını gücləndirdiyini bildirib.

Mütəxəssisin sözlərinə görə, oynaq qığırdağı süngər kimidir: ona su deyil, turşulu və ya şəkərli içki töküldükdə struktur zədələnə bilər. Buna görə də gündəlik qəbul etdiyimiz mayelərin keyfiyyəti və tərkibi oynaqlar üçün son dərəcə önəmlidir.

Həkim qeyd edib ki, qazlı içkilər və enerji içkiləri tərkibindəki fosfor turşusuna görə kalsiumun bədəndən çıxmasına səbəb olur, şəkərin çoxluğu isə iltihab yaradır. Eyni zamanda, paketlənmiş şirələr və şirin limonadlar da tərkibindəki yüksək şəkər və fruktoza miqdarına görə oynaq sağlamlığına mənfi təsir göstərir.

Alkoqolun da oynaqlar üçün ciddi təhlükə yaratdığını bildirən ortoped vurğulayıb ki, bu içki kalsium mübadiləsini pozur və qığırdaq hüceyrələrinə zərər verir. Qəhvəni isə ölçülü içmək tövsiyə olunur, çünki çox miqdarda qəhvə kalsiumun bədəndən xaric olmasını sürətləndirir.

Səmiçenkovun fikrincə, sağlam oynaqlar üçün ən yaxşı içki adi təmiz sudur. Su qığırdağı qidalandırır, onun elastikliyini qoruyur və hərəkət zamanı sürtünməni azaldır. Bundan əlavə, yaşıl çay antioksidantlarla zəngindir, təbii tərəvəz şirələri isə orqanizmə vacib minerallar və vitaminlər verir.

Həkim vurğulayıb ki, balanslı içki seçimi və yetərli su qəbulu oynaqların uzunmüddətli sağlamlığı üçün ən vacib amillərdəndir.