Nar suyu dəmir çatışmazlığının əsas müalicə vasitəsi hesab edilmir, baxmayaraq ki, orqanizm üçün çoxsaylı faydalı maddələrə malikdir.
Foodinfo.az Championat.com saytına istinadla xəbər verir ki, bir stəkan nar suyunda cəmi 0,5–0,7 milliqram dəmir olur ki, bu da yetkin insanın gündəlik tələbatının cəmi 3–5 faizini qarşılayır.
Qidalanma üzrə mütəxəssis Yekaterina Quzmanın sözlərinə görə, bitki mənşəli məhsullardakı dəmir bədən tərəfindən heyvan mənşəli qidalardakı qədər yaxşı mənimsənilmir. O qeyd edib ki, nar yalnız qeyri-hem tipli dəmir ehtiva edir və bu növün orqanizm tərəfindən mənimsənilmə faizi 2–20 arası dəyişir.
Mütəxəssis vurğulayıb ki, narın tərkibindəki C vitamini dəmirin sorulmasını müəyyən qədər artırsa da, bu, çatışmazlığı tam aradan qaldırmaq üçün kifayət deyil.
Quzman əlavə edib ki, dəmir səviyyəsini bərpa etmək üçün daha effektiv qidalar — mal qaraciyəri, qırmızı ət, qarabaşaq, paxlalılar və qoz-fındıq kimi məhsullar seçilməlidir. Bu qidalar həm yüksək miqdarda dəmir, həm də onun sorulmasını artıran digər minerallarla zəngindir.
Mütəxəssis bildirib ki, nar suyu pəhrizdə əlavə vitamin və antioksidant mənbəyi kimi faydalı ola bilər, lakin dəmir çatışmazlığının əsas müalicə vasitəsi hesab olunmamalıdır.






