Britaniyalı həkim Amir Xan sağlam qidalanmada əvəzsiz hesab edilən bir ədviyyatın — darçının orqanizm üçün böyük faydalarından danışıb.

Foodinfo.az xəbər verir ki, onun sözlərinə görə, bu təbii ədviyyat təkcə yeməklərə xoş ətir və dad vermir, həm də qan şəkərini tənzimləyir və ürək-damar sistemini gücləndirir.

Mütəxəssis qeyd edib ki, darçının tərkibindəki əsas aktiv maddə sinamaldehid orqanizmdə iltihabı azaldır və metabolizmanı dəstəkləyir. Bu birləşmə həmçinin qan dövranını yaxşılaşdırır və damar elastikliyini qorumağa kömək edir.

Darçın antioksidantlarla zəngindir – xüsusən polifenollarla. Bu maddələr orqanizmi sərbəst radikalların zərərli təsirindən qoruyaraq, hüceyrə qocalmasının və ürək xəstəliklərinin qarşısını alır. Həkim vurğulayıb ki, düzgün miqdarda qəbul edilən darçın xolesterin səviyyəsini tənzimləyir, “pis yağları” azaldır və arterial təzyiqin sabit qalmasına kömək edir.

Əldə olan elmi araşdırmalara görə, bu ədviyyatın gündəlik rasiona əlavə olunması ürək-damar riskini 10-15 faiz azalda bilər. Darçın həmçinin karbohidratların parçalanmasını yavaşladaraq qan şəkərinin kəskin qalxmasının qarşısını alır və insulinə bənzər təsir göstərir.

Dr. Xan məsləhət görür ki, darçını səhər yulaf sıyığına, yoqurta, qəhvəyə və ya təbii smuzilərə əlavə etmək ən faydalı üsullardandır.

“Darçın təkcə qidaların dadını artırmır, həm də bədəni enerjili və sağlam saxlayır. Onu rasiondan çıxarmaq əsl itki olar”, – deyə həkim bildirib.