Məlum olduğu kimi, ölkədə bioloji təhlükəsizliyin təmin edilməsi və heyvan mənşəli məhsullar üzərində qida təhlükəsizliyi nəzarəti mexanizmlərinin yaradılması məqsədilə “Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalı və emalına dair Strateji Yol Xəritəsi”ndə və “Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2019-2025-ci illər üçün Dövlət Proqramı”nda heyvanların identifikasiyası və qeydiyyatı sisteminin (HİQS) formalaşdırılması və ölkə ərazisində mərhələləli şəkildə tətbiqi nəzərdə tutulmuşdur. Hazırda HİQS-in proqram təminatı və dizaynı üzərində işlər görülür və cari ilin sonuna qədər sistemin seçilmiş pilot ərazidə sınaqdan keçirilməsi nəzərdə tutulmuşdur. Foodinfo.az-ın məlumatına görə, HİQS bütün kənd təsərrüfatı heyvanlarının (ilkin mərhələdə iribuynuzlu heyvanların və atların) identikləşdirilərək qeydiyyata alınması ilə yanaşı, hər bir heyvanın və heyvandarlıq məhsulunun “fermadan süfrəyədək” izlənməsinə imkan verdiyi üçün qida təhlükəsizliyinin təmin edilməsi baxımından müstəsna əhəmiyyətə malikdir. Sistem heyvan mənşəli məhsulun hansı təsərrüfatdan çıxdığı, neçə nömrəli heyvanın ətindən, yaxud südündən hazırlandığı, hansı istehsal müəssisəsində emal olunduğu barədə məlumatı, həmçinin digər zəruri məlumatları özündə əks etdirəcək. Heyvanda tətbiq edilmiş peyvəndlər, habelə müalicəvi və profilaktik məqsədlə istifadə edilmiş baytarlıq preparatları və sair barədə məlumatlar da həmin sistemdə yer alacaqdır. Bundan əlavə, “Heyvan kəsimi fəaliyyətinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 11 iyun tarixli Sərəncamının icrası ilə əlaqədar ölkə ərazisində qanunsuz heyvan kəsiminin qarşısının alınması, baytarlıq-sanitariya və sanitariya-gigiyena tələblərinə uyğun müasir kəsim məntəqələrinin yaradılması istiqamətində görülən ardıcıl işlər nəticəsində standartlara cavab verən kəsim yerlərinin sayı 12-dən 66-ya çatdırılmışdır və bu proses davam etməkdədir. Ölkədə həyata keçirilən təsirli tədbirlərlə yanaşı, beynəlxalq təşkilatlarla da intensiv işlər aparılmış, bunun sayəsində diri heyvan və heyvan mənşəli məhsulların sağlamlığına nəzarət sahəsində ölkədə şəffaf hesabatlılıq sistemi yaradılmışdır. Nəticə etibarilə, Qida Təhlükəsizliyi Agentliyi Ümumdünya Heyvan Sağlamlığı Təşkilatı və Avropa İttifaqının müvafiq qurumları ilə qarşılıqlı etimad münasibətləri qurmuşdur. Aparılan məqsədyönlü tədbirlərin nəticəsidir ki, artıq gön-dəri materialının ilkin işlənilmiş və emal edilmiş formada Avropa İttifaqı ölkələrinə ixrac edilməsi üçün bir sıra müəssisələr İttifaqın Ticarətə Nəzarət və Ekspert Sistemində müvəffəqiyyətlə qeydiyyata alınmışdır. Hazırda arıçılıq məhsullarının Avropa ölkələrinə ixrac edilməsi üçün müvafiq icazələrin alınması istiqamətində işlər aparılır. İstehsal və emal müəssisələrində baytarlıq-sanitariya və sanitariya-gigiyena tələblərinin yerinə yetirilməsi istehsalın effektivliyini və məhsulların insan istehlakı üçün təhlükəsiz olmasını təmin etməklə yanaşı, hər bir istehsal müəssisəsinin ixrac imkanlarının formalaşmasına da şərait yaradacaqdır. İstehsal edilən heyvan mənşəli ərzaq məhsullarının və xammalın təhlükəsizliyinin təmin edilməsi və onların ixracındakı maneələrin aradan qaldırılması məqsədilə sözügedən məhsulların istehsalının idxalçı ölkələrin tələbləri nəzərə alınmaqla beynəlxalq standartlara uyğunlaşdırılması tələb olunur. Agentlik qeyd olunan tələblərin yerinə yetirilməsinə uyğun şərait yaradılması üçün sahibkarlıq subyektlərinə öz səlahiyyətləri daxilində hər cür kömək göstərməyə hazır olduğunu bildirir.