Ölkəmizdə qida təhlükəsizliyinin təmin olunmasında vətəndaş cəmiyyəti institutlarının iştirakçılığını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi yanında İctimai Şuranın fəaliyyətinin təşkili ilə əlaqədar müvafiq işlər görülməkdədir.
Bu istiqamətdə həyata keçirilən tədbirlər çərçivəsində 9 sentyabr 2021-ci il tarixində AQTA sədri Qoşqar Təhməzli Agentlik yanında İctimai Şuranın sədri Nazim Səfərovla görüşüb. Görüşdə AQTA sədri qida təhlükəsizliyi sisteminin təkmilləşdirilməsində vətəndaş cəmiyyətinin dəstəyi, ictimai nəzarət mexanizmlərinin gücləndirilməsi və əhali arasında maarifləndirmə tədbirlərinin genişləndirilməsində İctimai Şuranın fəaliyyətinin əhəmiyyətini vurğulayıb.
Agentlik yanında İctimai Şuranın sədri Nazim Səfərov səmimi qəbula görə təşəkkür edib və İctimai Şuranın qida təhlükəsizliyi ilə bağlı məsələlərin ictimai müzakirəsinin daha səmərəli təşkilinə xidmət göstərəcəyini diqqətə çatdırıb.
Daha sonra görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.
Qeyd edək ki, İctimai Şura mərkəzi icra hakimiyyəti orqanlarının fəaliyyətində şəffaflığı, ictimai nəzarətin həyata keçirilməsi, dövlət siyasətinin formalaşdırılması, icrası və qərarların qəbulu zamanı ictimai rəyin nəzərə alınmasını təmin etmək məqsədilə “İctimai iştirakçılıq haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq təsis edilən və ictimai əsaslarla fəaliyyət göstərən birlikdir.