Sentyabrın 17-də Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli ilə Rusiya Federasiyasının Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətinin (“Rosselxoznadzor”) rəhbəri Sergey Dankvert arasında videokonfrans formatında görüş keçirilib.
Agentlikdən Foodinfo.az-a bildirilib ki, görüşdə Azərbaycan Respublikasından Rusiya Federasiyasına ixrac olunan bitkiçilik məhsulları üzərində həyata keçirilən nəzarət, bitki zərərvericiləri və viruslara qarşı təsərrüfatlarda davamlı olaraq aparılan mübarizə tədbirləri, ixrac olunan məhsul partiyalarından götürülən nümunələrin laborator müayinələrə cəlb olunması ilə bağlı müzakirələr aparılıb.
Daxil olan bildirişlərlə bağlı araşdırmaların aparıldığını diqqətə çatdıran AQTA sədri Qoşqar Təhməzli Rusiyaya ixrac olunan çəyirdəkli və tumlu meyvələrdə qonur monilyoz çürümə göbələyi ilə bağlı müayinələrin aparıldığını və bu istiqamətdə mütəxəssislər tərəfindən monitorinqlərin həyata keçirildiyini bildirib.
Rusiya Federasiyasının Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətinin rəhbəri Sergey Dankvert iki ölkə arasında qida təhlükəsizliyi, həmçinin bitki sağlamlığı sahələrində əməkdaşlığın daha da genişləndiyindən məmnunluğunu ifadə edib.
Tədbirdə idxal-ixrac əməliyyatları zamanı bəzi bitkiçilik məhsullarının fumiqasiya edilməsi, həmçinin soyuducu anbarlarda soyuq rejimdə saxlanılmaqla ixrac olunması, alma və pomidor məhsullarının dəmiryolu nəqliyyatı vasitəsilə daşınma icazəsinin uzadılması, kooperativlərə üzv olan bir neçə kiçik müəssisəyə fitosanitar sertifikatların verilməsi ilə bağlı məsələlər də müzakirə olunub.
Sonda tərəflər ikitərəfli əməkdaşlığın gündəliyinə daxil olan məsələlər və qarşılıqlı maraq doğuran digər mövzularla bağlı fikir mübadiləsi aparıb.
Son xəbərlər
- Ət üçün daha ucuz və sağlam əvəzedici
- Kişi timsahla “döyüşərək” həyatını xilas edib
- Kosmetoloq dəri üçün faydalı və zərərli məhsullardan danışıb
- İmmuniteti gücləndirən məhsulları siz də tanıyın
- Diyetoloq keyfiyyətsiz qozun zərərlərindən danışıb
- Ən faydalı göbələk: Çox antioksidant ehtiva edir