Qusar rayonunda müasirtipli intensiv meyvə bağlarının salınmasına maraq artıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, rayonda intensiv meyvə bağlarının salınmasında əsas məqsəd xarici bazarlara çıxarıla bilən rəqabətqabiliyyətli məhsul istehsal etməkdir. Qusardakı mövcud alma bağlarının böyük hissəsi 30-40 il əvvəl salınıb. Həmin bağlar bioloji inkişaf dövrünü başa vurmuş hesab olunur. Bu səbəbdən fermerlər yeni superintensiv tipli meyvə bağları salmaqda maraqlıdırlar.
Qusar rayonunun Qullar kəndində salınmış müasir meyvə bağlarında alma, gilas, nektarin və armud becərilir. Burada əkilən ağacların tingləri əsasən Türkiyə və İspaniyadan gətirilib.
Fermer Elçin Həsrətov bildirir ki, ölkə ərazisində istehsal olunan meyvənin həcminin artırılması xarici məhsula tələbatı azaltmaqla yanaşı, yerli fermerlərin iqtisadi vəziyyətinə də müsbət təsir göstərir. Məhsuldar bağların salınması ərzaq təhlükəsizliyinin təmin edilməsində və ixracın artırılmasında mühüm rol oynayır.
“Dövlətimizin fermerlərə dəstəyindən yararlanmaqla, 2016-cı ildə bağ salmaq qərarına gəldik. Qusar rayonunun Qullar kəndində torpaq sahəsi götürdük. Burada hissə-hissə bağ salmağa başladıq. Əvvəlcə təsərrüfatımıza ailə üzvlərimizlə birlikdə qulluq edirdik. Sonra fermerlərə yanacaq və gübrə üçün verilən subsidiyalardan yaralanmağa başladıq. Bu, bizim ailə təsərrüfatımıza böyük dəstək oldu. Təsərrüfatımızda intensiv bağlar salmışıq. Əkdiyimiz ağaclar xarici sortlardır. Yerli sortlarla müqayisədə bu ağaclar daha məhsuldardır. İldən-ilə məhsuldarlıq daha da artır”, - deyə E.Həsrətov söyləyib.
Damcı üsulu ilə suvarılan bu bağlarda işlər tam mexanikləşdirilib. Plastik borulara vurulan su avtomatik olaraq ağaclara verilir. Bu isə öz növbəsində həm vaxt itkisinin, həm də su məsrəfinin qarşısını alır.
“Həm tezyetişən, həm də mövsümün sonunadək yetişən sortlar becəririk. Bu, bazara daimi məhsul çıxarmağımızı təmin edir. İyunun əvvəlindən oktyabradək meyvəmiz olur. Məhsulumuz çoxaldıqca Rusiyanın böyük market şəbəkələri də bizimlə ticarət əlaqələri qurmağa maraq göstərir”, - deyə fermer bildirib.
Superintensiv bağçılığın üstün cəhətlərindən biri də meyvə tinginin elə əkildiyi il məhsula düşməsidir. Lakin mütəxəssislər həmin meyvəni ağacda saxlamamağı tövsiyə edirlər. Ənənəvi bağlardan fərqli olaraq burada xüsusi aqrotexniki qulluq aparılmalıdır. Həmin bağlarda əkilən sortlar ənənəvi bağlardan 3-4 dəfə daha çox məhsul verir. Ənənəvi bağların hər hektarından 20-25 ton məhsul yığılırsa, superintensiv bağçılıqda bu göstərici 60-70 ton arasında dəyişir. Müasir bağlarda ağacların ara məsafəsi də az olur. Belə olan halda bir hektara düşən meyvə tinginin sayı artır və nəticədə məhsuldarlıq da çox olur.