Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) nəzdində fəaliyyət göstərən laboratoriyalarda işçilərin peşəkarlığının yüksəldilməsi, səriştəliliyinin artırılması məqsədilə xarici ölkə laboratoriyaları, beynəlxalq təşkilatlarla əməkdaşlıq əlaqələri daima inkişaf etdirilir. Laboratoriya mütəxəssisləri mütəmadi olaraq xarici ölkələrdə təlimlərdə iştirak edir, təcrübə mübadiləsi aparırlar. Foodinfo.az agentliyə istinadən xəbər verir ki, qarşılıqlı təcrübə mübadiləsində bitki sağlamlığı sahəsində Türkiyə laboratoriyaları ilə əlaqələrin qurulmasına və əməkdaşlığa böyük əhəmiyyət verilir. Hazırda Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə birgə Hökümətlərarası Komissiyanın iclaslarının Protokolunda nəzərdə tutulan tədbirlərin icrasını təmin etmək məqsədilə 6 nəfər türkiyəli mütəxəssis AQTİ nəzdində fəaliyyət göstərən Mərkəzi Fitosanitar Laboratoriyasında çalışır. Mütəxəssislər entomoloji, herboloji, bakterioloji, mikoloji, virusoloji və digər ekspertizaları birlikdə yerinə yetirib, bitkiçilik və bitki mühafizəsi üzrə bilik və təcrübəsini Mərkəzi Fitosanitar Laboratoriyasının əməkdaşları ilə bölüşürlər. Bundan başqa, AQTİ mütəxəssislərinin iştirakı ilə fitosanitar risk daşıyan fitopatogen virusların müayinəsi həyata keçirilir. Qeyd edək ki, ölkədə qida təhlükəsizliyinin təmin edilməsi və əhalinin sağlamlığının qorunması məqsədilə Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun laboratoriyalarının beynəlxalq standartlara uyğunlaşdırılması istiqamətində mütəmadi olaraq zəruri tədbirlər görülür.