“2020-ci il üçün dünyada təxminən 9,96 milyon insan xərçəng xəstəliklərindən dünyasını dəyişib. Eyni ildə yeni xərçəng xəstələrinin sayı 19,3 milyon olmuşdur. Proqnozlara görə xərçəng xəstəliklərindən dünyasını dəyişənlərin sayı 2040-cı ildə 16,3 milyona (!) qədər artacaq. Həmin ildə yeni xəstələnənlərin illik sayının 30,2 milyon (!) olacağı proqnozlaşdırılır. Bu da bir daha həm səhiyyəsi üst səviyyədə olan, həm də inkişafa doğru gedən ölkələrdə xərçəng xəstəliyi ilə doğru mübarizə strategiyasının (!) önəmini göstərir”.
Foodinfo.az xəbər verir ki, bunu Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin sədri, tibb elmləri doktoru, dosent Nuran Abdullayev bildirib.
O qeyd edib ki, Almaniyada çalışdığı bölgənin ən böyük xərçəng mərkəzi (!) və hətta bəzi xərçəng xəstəlikləri üzrə birbaşa mərkəz (!) adını almaq üçün sertifikasiya, audit, eləcə də yoxlama işlərini yekunlaşdırıblar:
“Yaxın günlərdə xoş xəbəri sizlərlə də paylaşacağam. Bu istiqamətdə də Almaniya mətbuat nümayəndələri ilə bir neçə proyektə başladıq ki, zaman-zaman bunları da sizlərlə bölüşəcəyəm.
Təbii ki, bu mövzuda da xüsusi diqqətimi çəkən elmi-statistik məlumatlar var və bundan sizlərin də mütləq xəbərdar olmasının faydalı olacağını düşünürəm.
İnkişaf etmiş dövlətlərin, xüsusən də səhiyyəsi üst səviyyədə təşkil edilmiş ölkələrin əhalisinin 5%-i xərçəng xəstəliyi ilə və ya xərçəng diaqnozundan sonra yaşayır.
Ən son elmi statistikaya əsasən Almaniyada təxminən 4,65 milyon insan xərçəng diaqnozu ilə yaşayır. Bunların təxminən 27%-i bu diaqnozla hətta 15 il (!) və daha çox yaşayanlardır.
İlk üçlüyü ardıcıllıqla süd vəzinin (22%), prostat vəzinin (15%) və bağırsağın xərçəngi (12%) təşkil edir ki, bunların bütün ölkələrdə vaxtından tez tapılması birbaşa hökümətlərin və səhiyyə sisteminin (!) marağında olmalıdır. Ümumilikdə isə Almaniyada illik 502 655 yeni xərçəng xəstəliyi diaqnozu qoyulur.
"Cancer Survivor" termini - bir dəfə də olsa xərçəng diaqnozu təsdiq edilən xəstələr - yaxın gələcəkdə səhiyyə siyasətinin əsaslarından birini təşkil edəcəkdir ki, onlara göstərilən xidmətlə tibbin səviyyəsi dəyərləndiriləcəkdir.
Dünyada olan xərçəng xəstəliklərinin ümumiyyətlə 30-50% -in qarşısı öncədən (!) alına bilər. Bu rəqəm Almaniya üçün hazırda təxminən 37% təşkil edir və ümumilikdə bütün xərçəng xəstəliklərinin 19%-i birbaşa siqaretçəkmə ilə əlaqədardır.
Müəyyən peyvəndlərin tətbiqi xərçəng xəstəliklərinin qarşısını alır. Elmlə sübut edilib ki, Hepa¬tit-B-yə qarşı tətbiq edilən peyvənd qaraciyər xərçənginə yoluxmaya qarşı bir qoruyucu faktordur. Önümüzdəki illərdə müxtəlif xərçəng xəstəliklərinə yoluxma riskini aşağı salan bir çox peyvəndlər istehsal olunacaq (!).
Gələcək aylarda və eləcə də bir ildən sonra bizim də töhfəmizlə olan nəticələrimizi sizlərlə bölüşəcəyəm. O zaman da elmin və problemlərə elmi əsaslarla yanaşmanın insan həyatı üçün önəmi bir daha anlaşılacaq.
Sonda isə bir çox şəxsin mənə uzun illərdir ünvanladığı "Xərçəng xəstəliyi öldürücüdürmü?" və ya "ondan qurtulmaq mümkün deyil ki?" kimi suallarına cavab olaraq buradan da bildirmək istəyirəm ki, xərçəng xəstəliyi ölüm deyil! Elmə əsaslanan düzgün qurulmuş səhiyyə sistemlərində isə ondan birdəfəlik qurtulmaq da mümkündür”.