Son günlər ictimai iaşə obyektlərində spirtli içkidən zəhərlənmə faktlarının artması ilə bağlı Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli keçirilən mətbuat konfransında əhaliyə çağırış edib. Foodinfo xəbər verir ki, Qoşqar Təhməzli bildirib ki, daxil olan faktlarla bağlı aparılan əməliyyat tədbirləri zamanı "Baku City", "Everest", "Piano", "Madonna", “Haştaq” restoranlarında və Abşeron rayonu, Qobu qəsəbəsində Yeni Məhəllə 2 ünvanında spirtli içkilərdən zəhərlənmə faktları təsdiqini tapıb. Bununla bağlı olaraq, Agentlik əməkdaşları tərəfindən aidiyyəti qurumların nümayəndələri ilə birlikdə genişmiqyaslı əməliyyat tədbirləri həyata keçirilib. 101 adda müxtəlif əmtəə nişanlı spirtli içkilərdən nümunələr götürülərək laborator analizlərə cəlb olunub və "Chivas Regal 12" əmtəə nişanlı içkinin tərkibində 76,6 faiz metil spirti aşkar edilib. Q.Təhməzli bildirib ki, metil spirtinin normadan artıq olması insan orqanizmi üçün olduqca təhlükəlidir. Agentlik sədri qeydə alınan faktların cinayət əməli olduğunu və bu kimi hallara yol verən işbazlara qarşı ən sərt tədbirlər görüləcəyini, qida sahəsində fəaliyyət göstərən hər bir sahibkarın öz fəaliyyətini qanunvericiliyin tələblərinə uyğun qurmalı olduğunu diqqətə çatdırıb. AQTA sədri istehlakçılara müraciət edərək, bu kimi qanunazidd hallarla rastlaşdıqda və hər hansı məlumat əldə etdikdə Qida Təhlükəsizliyi Agentliyinin 1003 – Çağrı Mərkəzinə məlumat verməyi xahiş edib. Eyni zamanda istehlakçılardan xahiş olunub ki, ictimai iaşə, satış və digər məkanlarda qida məhsulları alarkən məhsulun qablaşdırmasına, etiket məlumatlarına diqqət yetirsinlər, qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktlara uyğun sənədləri tələb etsinlər.   Nurlan