Elə insanlar var ki, yaz fəslinin gəlişini, havaların isinməsini səbirsizliklə gözləyir. Yaz fəslində bu cür insanların əhvalları yüksək olur, əzmkarlığı artır. Amma elə insanlar da var ki, günəşli hava onlara heç də yaxşı təsir etmir ki, bu da yaz depressiyası adlanır. Lakin karantin rejimi ilə əlaqədar evdən çox çıxa bilmədiyimizi nəzərə alsaq, yaz depressiyasının daha çox yaşanacağı qaçılmazdır. Yaz depressiyası dediyimiz hal insan bədənində fizioloji dəyişikliklərlə bağlıdır. Bu depressiya insanın fizioloji problemlərini üzə çıxarır və nəticədə sinir gərginlikləri formalaşır. Havalar istiləşdikcə qan durulur, bu isə qan təzyiqinin artmasına səbəb olur, bütün orqanlar oyanır, payız və qış dönəmində gizli qalmış problemlər üzə çıxır. Bu isə periodik olaraq sinir sistemini yükləyir, insanlarda əsəb gərginliyi, depressiya, stress kimi problemlər yaranır. Bu hala ümumi olaraq yaz depressiyası deyirlər. Psixoloqlara görə, yazda insan beynində serotonin adlanan maddənin miqdarında azalma baş verir ki, bu da depressiyanın yaranmasının əsas səbəbidir. Yazda yüksək əhval-ruhiyyəsi ilə seçilən insanlarda isə serotoninin miqdarı normaldır. Yaz depressiyası adətən digər depressiyalara bənzər əlamətlər daşıyan bir xəstəlikdir, insanların kifayət qədər günəş işığı almaması beyində bəzi kimyəvi maddələrin paylanmasını pozur. Son dönəmlərdə normal həyat keçirmədiyimizi nəzərə alsaq, insanlarda daha çox hansı xəstəliklər müşahidə olunur? Foodinfo.az xəbər verir ki, məsələ ilə bağlı Modern.az-a danışan Tibb elmləri doktoru, professor Adil Qeybulla son aralar sinir xəstəliyinin artdığını bildirib: “Ümumiyyətlə yaz fəslində bəzi xəstəliklərin kəskinləşməsi qeyd olunur. Son dönəmlərdə isə insanlar daha çox mədə-bağırsaq xəstəliyi, allergik xəstəliklər və sinir sisteminin nevroloji xəstəliyi ilə bizə müraciət edir. Bu tip xəstəliyi olan şəxslər mütləq həkimlərə müraciət etməlidir. Çünki iqlim dəyişmələrinə uyğun olaraq  yaz və payız fəslində bədəndə təlatümlər olur və xəstəliyin kəskinləşməsi qeydə alınır. Hazırda insanlar koronavirus xəstəliyinə qarşı səfərbər olduğu üçün dəqiq deyə bilmirik ki, hansı xəstəlik daha çoxdur. Yəni qorxular və müraciətlər də sırf bunun üzərinə qurulub”.