Almaniyanın Maks Plank adına Psixiatriya İnstitutunun alimləri stress hormonunun beyin üçün gözlənilməz dərəcədə faydalı funksiyasını müəyyən ediblər. Foodinfo.az bildirir ki, tədqiqat nəticələrinə əsasən, kortikotropin-azad edən hormon (KRAH) zədələnmiş sinir liflərinin bərpasında mühüm rol oynayır. Mütəxəssislər bu nəticəyə laboratoriya siçanları üzərində aparılan araşdırmalar zamanı gəliblər. Məlum olub ki, beyin travması zamanı xüsusi “qurucu” hüceyrələr aktivləşir. Bu hüceyrələr stress hormonu istehsal etməyə başlayır.
Həmin hormon hüceyrələrin düzgün şəkildə yetişməsinə şərait yaradır. Nəticədə onlar mielin əmələ gətirən hüceyrələrə çevrilir. Mielin sinir liflərini qoruyan izolyasiya qatı rolunu oynayır. Bu qat olmadan sinirlər elektrik naqili kimi funksiyasını itirir. Tədqiqat zamanı hormonun reseptoru bloklandıqda bərpa prosesinin pozulduğu müşahidə edilib. Hüceyrələr sürətlə çoxalsa da, lazımi mərhələyə çata bilməyib.
Alimlər bu faktın stress hormonunun bərpa mexanizmlərinin düzgün tənzimlənməsində əsas rol oynadığını göstərdiyini bildirirlər. Araşdırma nəticələri dağınıq skleroz, kəllə-beyin travmaları və stresslə əlaqəli psixi pozuntuların daha dərindən öyrənilməsi üçün yeni imkanlar açır. Elmi iş nüfuzlu Cell Reports jurnalında dərc olunub.






