İri marketlərin meyvə-tərəvəz bölmələrində çəhrayı-terrakota rəngli, sərt qabıqlı kiçik liçi meyvələrinə daha tez-tez rast gəlinir. Qiymətinin nisbətən yüksək olmasına baxmayaraq, bu ekzotik meyvə alıcılar arasında böyük maraq doğurur. Foodinfo.az Sports.kz-ə istinadən xəbər verir ki, mütəxəssislər liçi seçərkən və istifadə edərkən bəzi vacib məqamlara diqqət yetirməyi tövsiyə edirlər.

Mütəxəssislərin sözlərinə görə, mağazada yetişmiş və dadlı liçi seçmək üçün ilk növbədə qabığı hamar, parlaq rəngli, əzik və ləkəsiz olan meyvələrə üstünlük verilməlidir. Liçi növündən asılı olaraq tam sarı, qırmızı və ya narıncı qabıqlı ola bilər. Yetişmiş meyvə toxunduqda nə çox bərk, nə də barmaqla basıldıqda içəri çökməlidir. Bundan əlavə, təzə və yetişmiş liçi çiçək açmış gülü xatırladan xoş ətir yayır.

Vacib məqamlardan biri də odur ki, liçi meyvəsinin qabığı yeyilmir, toxumu isə sağlamlıq üçün təhlükəlidir. Bu səbəbdən qida kimi yalnız meyvənin ağ, şirəli və ətirli hissəsi — yəni yumşaq iç qismi istifadə olunmalıdır.

Liçinin yeyilən hissəsi sağlamlıq üçün olduqca faydalıdır. Onun tərkibində həzmi yaxşılaşdıran pektin, damar sağlamlığını dəstəkləyən C vitamini, həmçinin ürək-damar və sinir sisteminin normal fəaliyyəti üçün vacib olan kalium və maqnezium mövcuddur. Bu faydalı maddələrin təsiri isə liçidə yüksək miqdarda olan nikotin turşusu sayəsində daha da güclənir.

Mütəxəssislər bildirirlər ki, liçi düzgün şəkildə seçilib yalnız yeyilən hissəsi istifadə edildikdə həm dadlı, həm də sağlam rasion üçün əla əlavə ola bilər.