Kifayət qədər su içmək sağlam həyat tərzinin əsas şərtlərindən biridir. Buna baxmayaraq, bir çox insan gün ərzində su içməyi unudur və ya bunu vərdişə çevirə bilmir. Foodinfo.az BB.lv saytına istinadla xəbər verir ki, mütəxəssislər su qəbulunu artırmaq üçün sadə və effektiv üsullar təklif edir.
İlk növbədə məqsəd müəyyənləşdirmək vacibdir. Gün ərzində nə qədər su içəcəyinizi planlaşdırın və bunu izləməyə çalışın. Bunun üçün böyük butulka və ya qabdan istifadə edib onu daim göz önündə saxlamaq tövsiyə olunur – bu, gün ərzində sizə xatırlatma rolunu oynayacaq.
Suyun dadını dəyişmək də yaxşı üsuldur. İçinə limon, giləmeyvə, xiyar və ya nanə əlavə etməklə həm dadını yaxşılaşdıra, həm də əlavə fayda əldə edə bilərsiniz. Soyuq su isə daha cəlbedici olur, xüsusilə isti havalarda buz əlavə etmək su içmə istəyini artırır.
Maraqlıdır ki, samanla (pipetlə) su içmək də miqdarı artırmağa kömək edir. Eyni zamanda suyu daim yanınızda saxlamaq – işdə, avtomobildə və ya idman zalında – bu vərdişi formalaşdırmağa kömək edir.
Bundan əlavə, mobil tətbiqlərdən istifadə və ya telefonda xatırlatmalar qurmaq da effektiv üsullardandır. Gün ərzində müəyyən aralıqlarla bildiriş almaq su içməyi unutmağın qarşısını alır.
Mütəxəssislər qeyd edir ki, su içmək vərdişi zamanla formalaşır. Kiçik addımlarla başlayaraq bu prosesi gündəlik həyatın ayrılmaz hissəsinə çevirmək mümkündür.






