Alimlər bildirirlər ki, bəzi məşhur pendir növlərinin hazırlanmasında istifadə olunan kif növünün dəyişdirilməsi məhsulun dadını köklü şəkildə dəyişə bilər. Bu dəyişiklik xüsusilə brie və kamamber pendirlərinə təsir edə bilər.
Foodinfo.az BB.LV saytına istinadla xəbər verir ki, ABŞ-da aparılan yeni tədqiqat kif göbələyinin fərqli növü ilə əvəz edilməsinin bu pendirlərin özünəməxsus dad xüsusiyyətlərini zəiflədə biləcəyini göstərib.
Araşdırma ABŞ-ın Tafts Universitetinin alimləri tərəfindən həyata keçirilib. Tədqiqatın nəticələrinə görə, istifadə olunan kif növü dəyişərsə, brie və kamamber pendirlərinin ənənəvi dadı itə və istehlakçılar üçün daha az cəlbedici ola bilər. Bununla yanaşı, alimlər qeyd edirlər ki, belə dəyişiklik bəzən gözlənilməz və yeni dad xüsusiyyətlərinin yaranmasına da səbəb ola bilər.
Hazırda bu pendirlərin istehsalında əsasən Penicillium camemberti adlı kif növündən istifadə olunur. Məhz bu mikroorqanizm pendirin üzərindəki ağ qabığın formalaşmasına və məhsula xas olan dadın yaranmasına kömək edir.
Araşdırmanın aparılmasına səbəb isə Fransada kif göbələyi növlərinin sayının azalması ilə bağlı müzakirələr olub. Bəzi mütəxəssislər bu vəziyyətin məşhur və bahalı pendirlərin istehsalına risk yarada biləcəyini bildirirlər. Bununla belə, alimlər yaxın illərdə bu kif növünün tam yoxa çıxmasının gözlənilmədiyini qeyd edirlər.






