
Son illər meyvə salatları yüngül və sağlam yemək alternativi kimi populyarlaşıb, lakin onların əsas yemək kimi istifadəsi ilə bağlı ziddiyyətli fikirlər var. Foodinfo.az bildirir ki, bu barədə qidalanma üzrə mütəxəssis Nadejda Petrova “Zdorovo Live” proqramında danışıb. Onun sözlərinə görə, meyvələr yüksək fruktoza tərkibli olduğu üçün sürətlə həzm olunur və tez aclıq hissi yaradır. Bu səbəbdən onları əsas yemək kimi istifadə etmək, xüsusilə günün aktiv saatlarında bədəndə enerji çatışmazlığına səbəb ola bilər.
Petrova qeyd edir ki, yalnız meyvədən ibarət salatlar protein və yağ baxımından kasaddır, bu isə maddələr mübadiləsinin yavaşlamasına gətirib çıxara bilər. Əgər meyvə salatı əsas yemək kimi istifadə olunacaqsa, ona kəsmik, yoqurt və ya çərəz əlavə olunması tövsiyə olunur. Bu zaman qan şəkərinin sabit qalması və toxluğun daha uzun sürməsi təmin edilə bilər. Həmçinin, meyvələrin tərkibində olan təbii şəkərlər insulin səviyyəsini dəyişdirə bilər və bu, şəkər xəstələri üçün risklidir.
Nadejda Petrova vurğulayır ki, meyvə salatları daha çox ara yemək və ya qəlyanaltı kimi istifadə edilməlidir. Gündəlik menyuda əsas yeməklər zülal, yağ və lif baxımından balanslı olmalıdır. Salatın tərkibi və meyvələrin uyğunluğu da diqqətə alınmalıdır, çünki bəzi kombinasiyalar həzmi çətinləşdirə bilər. Petrova əlavə edir ki, meyvə salatları səhərlər və ya idmandan sonra daha uyğun seçimdir, lakin axşam saatlarında onların istifadəsi tövsiyə olunmur.