Mikrodalğalı soba bu gün əksər evlərdə gündəlik mətbəx köməkçisinə çevrilib. Foodinfo.az xəbər verir ki, BB.LV-nin məlumatına görə, bu cihaz təkcə yeməkləri qızdırmaq və ya ərzaqları dondan çıxarmaq üçün deyil, bir çox praktik işlər üçün də istifadə oluna bilər.

Mütəxəssislər bildirir ki, üyüdülmüş ədviyyatlar ətirini itirdikdə onları mikrodalğalı sobada yüksək gücdə 30 saniyə qızdırmaq kifayətdir. Bu üsul onların ətrini yenidən canlandırır.

Bərkimiş çörəyi kağız salfetə büküb bir dəqiqə qızdırdıqda yenidən yumşaq və təzə hala gəlir. Badam isə qaynar suda saxlanıldıqdan sonra mikrodalğalı sobada 30 saniyə qızdırıldıqda asanlıqla qabığından ayrılır.

Qoz ləpəsini təmizləmək üçün onu suda 4–5 dəqiqə qızdırmaq məsləhət görülür. Portağal və qreypfrut isə 30 saniyə isidildikdə ağ lifli hissəsindən daha rahat təmizlənir.

Mikrodalğalı sobada sitrus meyvələrinin qabığını da qurudmaq mümkündür. Qabıq kağız salfet üzərinə düzülür və iki dəqiqə ərzində, ara-sıra qarışdırılmaqla qızdırılır. Soyuduqdan sonra qurumuş qabıq möhkəm bağlanan qabda saxlanmalıdır.

Limon və portağalı bir neçə dəqiqə qızdırdıqdan sonra onlardan şirəni demək olar ki, son damlasına qədər sıxmaq olur. Həmçinin bu cihazda göyərti, tərəvəz, suxarı və çərəzləri də qurutmaq mümkündür.

Şəkərləşmiş bal mikrodalğalı sobada cəmi 1–2 dəqiqəyə yenidən duru hala gətirilə bilər. Doğrama taxtasında qalan xoşagəlməz qoxunu aradan qaldırmaq üçün onu limonla ovub qısa müddət sobada qızdırmaq kifayətdir.

Yeməkləri qızdırarkən makaron və yarma yeməklərinin qurumaması üçün üzərini salfetlə örtmək məsləhətdir. Pizzanın rezin kimi olmaması üçün isə yanına bir stəkan su qoymaq tövsiyə olunur.

Mikrodalğalı sobada süd köpüyü hazırlamaq, xırtıldayan bekon bişirmək, soğanı göz yaşı tökmədən doğramaq və sarımsağı asan təmizləmək də mümkündür. Bundan əlavə, çuğunduru torbada bişirmək, pomidorun qabığını asan soymaq, yumurta qızartmaq və kartof çipsləri hazırlamaq olar.

Mütəxəssislər qeyd edir ki, mikrodalğalı sobadan düzgün və təhlükəsiz istifadə edildikdə o, mətbəxdə əvəzsiz köməkçiyə çevrilir. Bu sadə üsullar həm vaxta qənaət edir, həm də gündəlik işləri xeyli asanlaşdırır.