Pomidorun meyvə və ya tərəvəz sayılması illərdir həm elm adamları, həm də istehlakçılar arasında maraqlı müzakirə mövzusudur.
Foodinfo.az xəbər verir ki, bu qarışıqlığın səbəbi isə botanika ilə kulinariya elminin fərqli yanaşmalarından qaynaqlanır.
Botaniki açıqlama: Pomidor meyvədir
Mütəxəssislər bildirirlər ki, bitkilərin meyvə sayılması üçün əsas meyar onların çiçəkdən əmələ gəlməsi və toxum daşımasıdır. Bu baxımdan pomidor tipik meyvə xüsusiyyətlərinə malikdir. O, çiçəkdən inkişaf edir və içində toxumlar olur. Elmi ədəbiyyatda pomidor hətta giləmeyvə kateqoriyasına daxil edilir.
Kulinariya baxışından: Pomidor tərəvəz hesab olunur
Mətbəxdə isə meyvə və tərəvəzin ayırd edilməsi dad və istifadə forması ilə müəyyənləşdirilir. Şirin və şirniyyatlarda istifadə edilən məhsullar meyvə, əsasən duzlu yeməklərdə işlədilənlər isə tərəvəz sayılır. Pomidor şirin deyil və daha çox salatlar, isti xörəklər, souslar kimi yeməklərdə istifadə olunduğundan kulinariyada tərəvəz kimi təqdim olunur.
Maraqlıdır ki, 1893-cü ildə ABŞ Ali Məhkəməsi də pomidoru kulinariya istifadəsinə əsaslanaraq rəsmi olaraq tərəvəz kimi təsnif etmişdi. Bu qərar vergi qanunvericiliyi ilə bağlı idi, lakin pomidorun tərəvəz kimi qavranılmasının tarixi əsaslarından biri məhz budur.
Gündəlik həyatda pomidoru tərəvəz kimi istifadə etsək də, elmi baxımdan onun meyvə olması dəyişməzdir.






