
Səhər qəhvəsi — sadəcə ritual deyil, uzunömürlülüyün potensial formuludur.
Foodinfo.az lent.az-a istinadla bununla bağlı maraqlı məlumatları sizə təqdim edir:
Amerikalı alimlər müəyyən ediblər ki, yalnız günün birinci yarısında qəhvə içmək həyat müddətinə müsbət təsir edə və ürək-damar xəstəlikləri riskini azalda bilər. Araşdırmanın ilk mərhələsində iştirak edən və yalnız səhər saat 04:00-dan günorta 12:00-dək qəhvə içən şəxslərin vaxtsız ölüm riski 16%, ürək-damar xəstəliklərindən ölüm riski isə 31% daha az olub — qəhvə ümumiyyətlə içməyənlərlə müqayisədə. Eyni zamanda, alimlərin bildirdiyinə görə, əgər qəhvə gün ərzində, xüsusilə nahardan sonra qəbul olunursa, bu fayda yoxa çıxır. Səbəb odur ki, kofein orqanizmin sirkadiyen ritmlərinə (bioloji saatına) təsir edir və bədənin bərpası üçün vacib olan melatonin (yuxu hormonu) ifrazını ləngidir. Digər bir araşdırma isə Amerika Qidalanma Cəmiyyətinin konfransında təqdim olunub. Həmin araşdırmaya görə, 45–60 yaş arası qadınlar arasında gündəlik 1–3 fincan kofeinli qəhvə içənlərin 13% daha sağlam yaşlanma ehtimalı olub. Mütəxəssislər qeyd edirlər ki, nəticələrdəki fərqlər tədqiqat metodlarının müxtəlifliyi ilə bağlıdır. Lakin hər iki halda əsas amil təkcə qəhvənin miqdarı deyil, onun qəbul edildiyi vaxt olub. Xatırladaq ki, daha əvvəl biz hər gün mükəmməl fincan qəhvə hazırlamaq qaydasından danışmışdıq. Həmçinin “80/20 qaydası” və bu qaydanın bu içkini qəbul etməyə yanaşmanı necə dəyişdirdiyini izah etmişdik.