Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) respublika ərazisinin yoluxucu heyvan xəstəliklərindən qorunması məqsədilə zəruri tədbirləri davam etdirir.
Foodinfo.az-ın məlumatına görə, həyata keçirilən tədbirlər çərçivəsində vətəndaşların maarifləndirilməsi məqsədilə Agentlik tərəfindən quş qripi xəstəliyinə qarşı mübarizə ilə bağlı növbəti videoçarx hazırlanıb. Videoçarxda vətəndaşlar diqqətli olmağa, xəstəlik əlamətləri müşahidə edilən və ya tələf olan quş cəsədlərindən uzaq durmağa, şübhəli hallarla bağlı dərhal Agentliyin “1003-Çağrı Mərkəzi”nə məlumat verməyə dəvət olunurlar. Belə ki, əhaliyə ailə təsərrüfatlarında və müxtəlif həcmli fermer təsərrüfatlarında quşların yalnız qapalı şəraitdə saxlanması, təsərrüfatda olan quşların və yemlərin çöl quşları ilə təmasının qarşısının alınması, ölü halda çöl və ev quşlarına rast gəldikdə bu barədə aidiyyəti üzrə məlumat verilməsi, quşlarla təmas zamanı (qulluq, yemləmə, daşınma və s.) gigiyena qaydalarına ciddi şəkildə əməl olunması və sanitariya-gigiyena tələblərinin gözlənilməsi, quşların nəqliyyat vasitələrində açıq şəkildə, baytarlıq nəzarətindən kənar və müşayiətedici baytarlıq sənədləri olmadan daşınmaması, quşların açıq şəkildə satılmaması və ya yol kənarlarında, ticarət obyektlərində, ictimai iaşə müəssisələrində və digər yerlərdə diri halda satışının, yaxud nümayiş olunmasının həyata keçirilməməsi və sair zəruri qaydalar tövsiyə olunur.
https://youtu.be/HMP0Mo06T9I