“Şəkərsiz” adı altında satılan bir çox məhsul sağlamlıq üçün düşündüyünüz qədər faydalı olmaya bilər.
Foodinfo.az xəbər verir ki, endokrinoloq, tibb elmləri doktoru Mariya Matveyeva “Gazeta.Ru”ya açıqlamasında şəkər əvəzediciləri olan qidaların bəzi hallarda xroniki xəstəliklərin kəskinləşməsinə səbəb ola biləcəyini bildirib.

Onun sözlərinə görə, bu məhsulların əksəriyyətində fruktoza və müxtəlif şərbətlər mövcuddur. Matveyeva izah edib ki, həmin maddələr kalori baxımından adi şəkərdən demək olar ki, fərqlənmir və buna görə də xüsusi fayda vermir.

Mütəxəssis əlavə edib ki, daha münasib seçimlər kalorisiz əvəzedicilər – steviya və eritrit hesab olunur. Bu maddələr orqanizmə əlavə kalori yükləmir və şəkərli diabet xəstələri üçün daha təhlükəsiz sayılır.

Həkim həmçinin diqqəti “şəkərsiz” etiketli məhsulların tərkibindəki digər maddələrə yönəltməyin vacibliyini vurğulayıb. Onun sözlərinə görə, bəzi əlavələr orqanizm üçün zərərli ola bilər və istehlakçı hər zaman etiket məlumatını diqqətlə oxumalıdır.

Beləliklə, sağlamlıq üçün “şəkərsiz” yazısına aldanmaq olmaz – məhsulun tərkibi və istifadə olunan əvəzedicilərin növü əsas göstərici sayılmalıdır.