Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyində (AQTA) Çin Xalq Respublikasından ölkəmizə diri heyvan, heyvan mənşəli məhsullar və dəniz məhsullarının idxalına müvəqqəti məhdudiyyət qoyulması ilə əlaqədar görüş keçirilib.
Foodinfo xəbər verir ki, Çin Xalq Respublikasının ölkəmizdəki səfirinin ticarət-iqtisadi məsələlər üzrə müşaviri Van Çunqanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə keçirilən görüşdə Agentliyin sədr müavinləri Rüfət Rüstəmzadə və Balarəhim Quliyev iştirak edib.
AQTA-nın sədr müavini Rüfət Rüstəmzadə qonaqlara Agentliyin fəaliyyət istiqamətləri, ölkəmizdə qida təhlükəsizliyinə nəzarətlə bağlı görülən işlər barədə geniş məlumat verib.
Sonra Çin Xalq Respublikasının ölkəmizdəki səfirinin müşaviri Van Çunqan son vaxtlar Çində meydana gələn koronavirus xəstəliyinin dünyanın bir sıra ölkələrinə yayılmasına görə təəssüfləndiyini bildirib. Məlumat verilib ki, hazırda Çində koronovirusla bağlı epizootoloji vəziyyət nəzarət altındadır.
Görüşdə Çin Xalq Respublikasından Azərbaycan Respublikasına diri heyvan, heyvan mənşəli məhsullar və dəniz məhsullarının idxalına müvəqqəti məhdudiyyət qoyulması ilə əlaqədar müzakirələr aparılıb.