Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) respublika ərazisində fitosanitar vəziyyətin müəyyənləşdirilib qiymətləndirilməsi məqsədilə fitosanitar müşahidələri davam etdirir. Agentlikdən Foodinof.az-a verilən məlumata görə, bu məqsədlə AQTA-nın fitosanitar müfəttişləri növbəti monitorinqi Salyan rayonunun Qarabağlı kəndi ərazisində yerləşən pomidor istixanasında keçiriblər. Monitorinq zamanı pomidor şitillərinin əkilmə prosesinə və becərilmə prosedurlarına baxış keçirilib. İstixanalarda zərərli orqanizmlərə qarşı mübarizə tədbirləri barədə təsərrüfat sahiblərinə məlumat verilib. Həmçinin fitosanitar müfəttişlər aqrokimyəvi maddələrin və pestisidlərin saxlanması və istifadəsi zamanı təhlükəsizliyin təmin olunması ilə yerində tanış olub, müvafiq tövsiyələr veriblər. Bildirilib ki, aqrokimyəvi maddələr və pestisidlərdən istifadə zamanı texniki təhlükəsizlik qaydalarına və tətbiq olunma təlimatına dəqiq, düzgün riayət edildikdə ətraf mühit və insan sağlamlığına mənfi təsir göstərmir. Əksinə düzgün istifadə məhsul itkisinin qarşısını alır, məhsuldarlığı və keyfiyyəti yaxşılaşdırır. Sonda AQTA mütəxəssisləri tərəfindən sahibkarları maraqlandıran suallar cavablandırılıb.   Namiq