Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkədə qida təhlükəsizliyinin təmin olunması və istehlakçı hüquqlarının müdafiəsi istiqamətində tədbirləri davam etdirir.

Kütləvi informasiya vasitələrində yayımlanan məlumat əsasında Bakı şəhəri, Yasamal rayonu, Z.Xəlilov küçəsi, ev 3 ünvanında fəaliyyət göstərən, fiziki şəxs Seyfulla Rəvxan oğlu Həsənəliyevə məxsus “Araz su” içməli su emalı müəssisəsində Agentlik əməkdaşları tərəfindən plandankənar yoxlama həyata keçirilib.

Baxış zamanı müəssisədə mərkəzləşdirilmiş su sistemindən gələn suların (əhaliyə verilən su) filtr edilməklə qablaşdırılmasının həyata keçirildiyi, qida sahəsində normativ hüquqi aktların tələblərinin pozulduğu aşkarlanıb. Aşkar edilən nöqsanlarla bağlı müəssisədə suyun emalının qadağan olunması və qablaşdırılmış suların satışının dayandırılması barədə məhdudlaşdırıcı qərar qəbul edilib və müəssisənin rəhbəri barəsində protokol tərtib olunub. Eyni zamanda, “Araz su” əmtəə nişanlı içməli sudan nümunələr götürülərək müayinələrin aparılması üçün Agentliyin tabeliyində Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim edilib. Sınaq nəticələri barədə ictimaiyyətə əlavə məlumat veriləcək.

Qeyd edirik ki, bəzi hallarda bu sahədə fəaliyyət göstərən subyektlər mərkəzləşdirilmiş su sistemindən gələn suları qablaşdırıb, məhsulun üzərində dağların və bulaqların təsvirlərini göstərməklə, etiket məlumatında həmin suların müxtəlif təbii mənbələrdən, bulaqlardan gətirildiyini qeyd edərək istehlakçıların aldadılmasına yol verirlər. Eyni zamanda, bəzi hallarda belə müəssisələr zirzəmilərdə və ya kiçik obyektlərdə qida təhlükəsizliyi qeydiyyatına alınmadan fəaliyyət göstərir və məhsullarını  yalnız evlərə və ya iş yerlərinə satırlar. Bu da müvafiq nəzarət işlərinin təşkilində istehlakçıların iştirakını zəruri edir.

Bu sahədə fəaliyyət göstərən sahibkarlardan qanunvericiliyin tələblərinə ciddi əməl etmək və istehlakçı hüquqlarını pozmadan fəaliyyət göstərmək tələb olunur. İstehlakçılardan isə sifariş verdikləri qablaşdırılmış içməli sularda hər hansı uyğunsuzluq və şübhəli hallar aşkar edildikdə, dərhal Agentliyin “1003-Çağrı Mərkəzi”nə məlumat vermələri xahiş olunur.