Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin, Rumıniyanın Milli Baytarlıq Sanitariyası və Qida Təhlükəsizliyi Qurumunun, həmçinin bu ölkənin respublikamızdakı səfirliyinin nümayəndələrinin iştirakı ilə onlayn görüş keçirilib. Foodinfo.az-ın məlumatına görə, görüşdə AQTA-nın fəaliyyəti, ölkəmizdə qida təhlükəsizliyinin təmin olunması istiqamətində həyata keçirilən tədbirlər, eləcə də “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının Qanununda əksini tapan yeniliklər barədə Rumıniyadan olan nümayəndələrə məlumat verilib. Eyni zamanda “Azərbaycan Respublikası Hökuməti ilə Rumıniya Respublikası Hökuməti arasında qida təhlükəsizliyi sahəsində əməkdaşlıq haqqında” və “Azərbaycan Respublikası Hökuməti ilə Rumıniya Respublikası Hökuməti arasında baytarlıq sahəsində əməkdaşlıq haqqında” anlaşma memorandumu layihələri müzakirə edilib. Görüş zamanı müzakirə olunan məsələlərlə bağlı təkliflər dinlənilib, suallar cavablandırılıb.