Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən təsdiq olunan “Heyvan və quş kəsimi məntəqələrinə dair baytarlıq-sanitariya normaları və qaydaları”na əsasən, kəsim məntəqəsinin daxilində heyvan və quş kəsimindən başlayaraq ətin doğranması və saxlanmasına qədər bütün mərhələlərdə bölmələr üzrə aşağıdakı temperatur rejimi təmin edilməlidir:

- soyuducularda ət və ət məhsulları +4oC dərəcədə, sub məhsullar +3oC dərəcədə, dondurulmuş ət və sub məhsullar dondurucularda -18oC ÷ -12oC dərəcədə saxlanılmalıdır;

-Qurban bayramı və digər xüsusi tədbirlər zamanı istisna olmaqla, ətin daxili tempuraturu yalnız +4oC və ya daha az dərəcədə olduğu zaman ətin doğranması və sümükdən ayrılması həyata keçirilməlidir;

- Ət doğranması və qablaşdırılması bölməsində temperatur +10 ÷ +12 oC dərəcədən çox olmamalıdır.

Agentlikdən Foodinfo.az-a verilən məlumata görə, soyuducu və dondurucu avadanlıqlar “Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq yoxlamadan keçmiş termometrlərlə təchiz edilməli, temperatura nəzarət edilərək bu barədə temperatur cədvəllərində mütəmadi qeydlər aparılmalıdır. Soyuducu qurğuların kondensat suyunun heyvan və quş cəmdəkləri, həmçinin ət məhsulları ilə təması yolverilməzdir. Xaricə açılan qapılarda həşəratlara qarşı tordan əlavə, aşağı hissədə gəmiricilərin girişinə mane olan metal şəbəkə olmalıdır.