Kəsim məntəqələri yaşayış sahələri, ictimai təyinatlı və ya ümumi istifadədə olan obyektlərdən və su hövzələrindən (axar su mənbələrindən) müvafiq ara məsafələri (sanitar-mühafizə zolaqları) gözlənilməklə yerləşdirilir. Belə ki, kəsim məntəqələri avtomobil yollarından 30 metr, fermalardan 50 metr, su hövzələrindən 100 metr, sənaye müəssisələrindən 150 metr, ictimai təyinatlı və ya ümumi istifadədə olan obyektlərdən, o cümlədən yaşayış binalarından 300 metr aralıda olmalıdır.
Foodinfo.az xəbər verir ki, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən təsdiq olunan “Heyvan və quş kəsimi məntəqələrinə dair baytarlıq-sanitariya normaları və qaydaları”na əsasən, kəsim məntəqələrinin ərazisi ən az 1,5 m hündürlükdə hasarla hasarlanaraq, digər ərazilərdən ayrılmalıdır. Stasionar və modul tipli kəsim məntəqələrinin (nəqliyyat vasitələri üçün giriş və çıxış nəzərdə tutulduğu halda) nəqliyyat vasitələri və piyadalar üçün keçidlərdə dezinfeksiyaedici baryerlər olmalıdır. Həmçinin kəsim məntəqələrinin diri heyvan və quşları gətirən və heyvan mənşəli qida məhsullarını aparan nəqliyyat vasitələrinin hərəkəti üçün ayrı-ayrı giriş və çıxış yolları olmalıdır.
Nurlan