Qida təhlükəsizliyi sahəsində laboratoriya sisteminin inkişafı ilə bağlı Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) nəzdində fəaliyyət göstərən laboratoriyaların maddi-texniki bazasının gücləndirilməsi və modernləşdirilməsi istiqamətində mütəmadi olaraq tədbirlər həyata keçirilir. Həmçinin laboratoriyalarda qabaqcıl texnologiyaların tətbiqi, səriştəliliyin artırılması üçün kadrların təlimlərdə və beynəlxalq laboratoriyalararası səriştəlilik sınaqlarında iştirakı təmin edilir.
Agentlikdən Foodinfo.az-a verilən məlumata görə, həyata keçirilən tədbirlər çərçivəsində AQTİ-nin Mərkəzi Fitosanitar Laboratoriyası Fransanın GEVES Qrupunun (Sortların və Toxumların Öyrənilməsi və Nəzarət Qrupu) Milli Toxum Sınaq Stansiyası tərəfindən təşkil olunan və 31 ölkəni təmsil edən laboratoriyaların qatıldığı “Pepino mosaic virus (PepMV)-pepino mozaika virusunun pomidor toxumlarında təyin olunması” laboratoriyalararası səriştəlilik sınağında yüksək (100%) nəticə əldə edib. Laboratoriyanın mütəxəssisləri PepMV təyini üçün göndərilən 40 toxum nümunəsinin müayinəsini Avropa standartlarına uyğun real zamanda PZR metodu ilə yüksək həssaslığa malik müasir cihazların köməyi ilə müvəffəqiyyətlə həyata keçirib.
Qeyd edək ki, Mərkəzi Fitosanitar Laboratoriyası fitosanitar sahədə mühüm yer tutan GEVES tərəfindən təşkil olunan beynəlxalq laboratoriyalararası səriştəlilik sınağına Azərbaycandan qatılan ilk laboratoriyadır. Laboratoriyanın əsas fəaliyyət istiqaməti bitki, bitkiçilik məhsulları və karantin nəzarətində olan materiallarda zərərli orqanizmlərin aşkarlanması və diaqnostikasından ibarətdir. Mərkəzi Fitosanitar Laboratoriyası bitki və bitkiçilik məhsullarının beynəlxalq bazarlara çıxışına dəstək verilməsində və ölkə ərazisində fitosanitar sabitliyin təmin edilməsində mühüm rol oynayır. Müasir tələblərə cavab verən maddi-texniki bazaya və Avropa ölkələrinin qabaqcıl laboratoriyalarında təlim keçmiş işçi heyətə malik olan laboratoriyada entomoloji, herboloji, fitohelmintoloji, mikoloji, molekulyar, bakterioloji və virusoloji ekspertizalar aparılır.