Qida məhsullarının mikrobioloji göstəricilərə uyğunluğunun təmin edilməsinə cavabdeh qida subyektləridir.

Foodinfo.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən təsdiq olunan “Qida məhsulları üçün mikrobioloji göstəricilərə dair sanitariya normaları və qaydaları”nda bildirilir. Sənəddə qeyd edilir ki, qida təhlükəsizliyi sahəsində səlahiyyətli orqan tərəfindən qida məhsullarının daşınması, paylanması və saxlanması zamanı yoxlanılan meyarlar müvafiq göstəricilərə uyğun olmalıdır. Qida subyektləri istehsal və emal proseslərinin hər bir mərhələsində məhsulların müvafiq istehsal gigiyenası göstəricilərinə uyğunluğunu təmin etməlidirlər. Həmçinin “Qida məhsullari üzrə gigiyena tələblərinə dair qaydalar”da müəyyən olunmuş qabaqcıl gigiyena təcrübəsi ilə yanaşı, HACCP prinsiplərinə əsaslanan prosedurların tətbiqini də dəstəkləməlidir.

Sənədə əsasən, qida təhlükəsizliyi sahəsində səlahiyyətli orqan qida məhsullarının təhlükəsizliyinə şübhə olduğu hallarda müvafiq mikroorqanizmlər, onların toksin və metabolitlərini müəyyən etmək məqsədilə istehsal prosesinin uyğunluğunun araşdırılması və ya risk təhlili çərçivəsində nümunə götürmə dairəsinin genişləndirilməsi və laborator müayinələr aparmaq hüququna malikdir. Bu məqsədlə müvafiq göstəricilər nəzərə alınır. Eyni zamanda qida məhsullarının istehsal fəaliyyəti ilə məşğul olan qida subyektləri müvafiq istehsal gigiyenası göstəricilərinə uyğunluğu təmin etməlidirlər.