Qida məhsulları üçün mikrobioloji göstəricilərə dair müayinənin nəticələri qida məhsullarının təhlükəsizlik və istehsal gigiyenası göstəricilərinə uyğun olmadıqda, müvafiq tədbirlər həyata keçirilməlidir.

Foodinfo.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən təsdiq olunan “Qida məhsulları üçün mikrobioloji göstəricilərə dair sanitariya normaları və qaydaları”nda bildirilir. Sənəddə qeyd edilir ki, mikrobioloji çirklənmənin təkrarlanmasının qarşısını almaq və uyğun olmayan nəticələrin səbəbini müəyyən etmək məqsədilə qida subyektləri qabaqcıl gigiyena təcrübələrinin tətbiqini təmin edir. 

 Belə ki, müayinə nəticələri müvafiq qida təhlükəsizliyi göstəricilərinə uyğun olmadığı halda həmin məhsul partiyası qida subyektləri tərəfindən ticarət şəbəkələrindən yığışdırılmalı və ya geri çağırılmalı, həmin məhsulların utilizasiyası və ya məhv edilməsi təmin edilməlidir. Pərakəndə satışa təqdim edilməmiş, topdan satış ticarət şəbəkələrində qida təhlükəsizliyi göstəricilərinə dair normalara uyğun olmayan qida məhsulları təhlükəni aradan qaldırmaq məqsədilə müvafiq emal prosesinə cəlb edilir.

 Həmçinin mikrobioloji göstəricilərə görə birbaşa təyinatı üçün yararsız olan, lakin insan və heyvan sağlamlığı üçün risk təşkil etməyən məhsul partiyası HACCP prinsiplərinə və qabaqcıl gigiyena normalarına əsaslanan prosedurlardan istifadə etməklə, həmçinin qida təhlükəsizliyi sahəsində səlahiyyətli orqanın qərarı ilə təyinatını dəyişməklə digər məqsədlərlə istifadə edilə bilər. Eləcə də qida məhsullarının təhlükəsizliyi sahəsində səlahiyyətli orqanın nümayəndəsi qeyri-kafi müayinə nəticələrini ciddi təhlil etməlidir. Sınaq nəticələri zamanı uyğunsuzluqlar aşkar edildikdə, mikrobioloji risklərin qarşısını almaq, təhlükə yaradan vəziyyəti aradan qaldırmaq üçün qanunvericiliyə müvafiq tədbirlər görülməlidir.