"Hazırda Azərbaycanın əsas ticarət tərəfdaşı olan ölkələrdə fəaliyyət göstərən onlarla müəssisədə Qida Təhlükəsizliyi Agentliyi tərəfindən yerində və ya onlayn formatda qiymətləndirmələr aparılır".
Foodinfo.az xəbər verir ki, bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli 28-ci Azərbaycan Beynəlxalq Qida Sənayesi “InterFood Azerbaijan 2023” və 16-cı Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı “Caspian Agro” sərgisində çıxışı zamanı deyib.
"Ötən il qəbul edilən “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının Qanunu 2023-cü il yanvarın 1-dən qüvvəyə minib. Hesab edirik ki, yeni qüvvəyə minən qanun qida təhlükəsizliyi sistemi üzrə hüquqi bazanı gücləndirir, vətəndaşların həyat və sağlamlığının qorunmasında mühüm rol oynayır. Eyni zamanda, yeni qanun dövlətin siyasi xəttinə uyğun olaraq, sahibkarlara göstərilən dəstəyin davamı kimi də öz töhfəsini verir. Qanun bir çox beynəlxalq qaydaların həyata keçirilməsi ilə yanaşı, qida məhsullarının izlənmə sisteminin tətbiqi, qida zəncirində fəaliyyət göstərən subyektlərin və obyektlərin qeydiyyatı ilə təsdiqi prosesinə yeni baxış formalaşdırıb. Qanuna əsasən, müəyyən edilən qida və yem məhsullarının Azərbaycan Respublikasının gömrük ərazisinə idxal olunması üçün sözügedən məhsulların istehsal və emal edildiyi qida obyektləri həmin obyektlərə cavabdeh qida subyektlərinin müraciəti əsasında Agentlik tərəfindən təsdiq edilməlidir. Hazırda bu istiqamətdə Azərbaycanın əsas ticarət tərəfdaşı olan ölkələrdə fəaliyyət göstərən onlarla müəssisələrdə Agentlik tərəfindən yerində və ya onlayn formatda qiymətləndirmələr aparılır".