Uşaq qida məhsulları uşaq orqanizminin fizioloji xüsusiyyətlərinə uyğunlaşdırılmış xüsusi qida məhsullarıdır.
Foodinfo.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən təsdiq olunan “Qida məhsulları üzrə gigiyena tələblərinə dair Qaydalar”da bildirlir. Bu Qaydalara 2 nömrəli əlavədə (“Qida obyektlərinə dair gigiyena tələbləri”) isə qeyd edilir ki, uşaq qida məhsullarının etiketlənməsi zamanı etiketin üzərində və ya açıq, qabsız daşınan mallarda qoşma sənədlərinin mətnində müvafiq məlumatlar göstərilməlidir. “Körpələrin və erkən yaşlı uşaqların qidalanması haqqında” Azərbaycan Respublikası Qanununun 7.3-cü maddəsi nəzərə alınmaqla, uşaq qida məhsullarının etiketlənməsində əlavə olaraq aşağıdakı məlumatlar əks olunmalıdır:
- üzərində əmtəə nişanının şriftindən kiçik olmayan şriftlə “UŞAQ QİDASI” yazısı;
- altı aylığa qədər körpələr üçün nəzərdə tutulmuş pəhriz qidalarında məhsulun məqsədli təyinatı barədə dəqiq göstərişlər, onun tərkibi, xüsusiyyətləri və istifadəsi üzrə məsləhətlər;
- istifadəsi məsləhət görülən yaş qrupları;
- istehlak qablaşdırması açıldıqdan sonra saxlama müddəti və şəraitinə dair tələblər.