Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi (AQTA) Agentliyi Yevlax rayonunda qanunsuz fəaliyyət göstərən heyvan kəsimi məntəqələrində reyd keçirib.
Agentlikdən Foodinfo.az-a verilən məlumata görə, qurum istehlakçı hüquqlarının qorunması, həmçinin qida təhlükəsizliyinin təmin edilməsi istiqamətində tədbirləri davam etdirir.
Agentliyin əməkdaşları Yevlax rayonu, Aran qəsəbəsində qanunsuz fəaliyyət göstərən heyvan kəsimi məntəqələrində reyd keçiriblər.
Reyd zamanı həmin məntəqələrdə heyvan kəsiminin antisanitar şəraitdə və baytarlıq ekspertizası aparılmadan həyata keçirildiyi aşkarlanıb. Bununla əlaqədar olaraq qeyri-qanuni fəaliyyət göstərən kəsim yerlərində yol kənarında qurulmuş və qanunsuz heyvan kəsimində istifadə olunan dəmir qurğular ləğv edilib. Həmçinin qeyri-qanuni kəsimlə məşğul olan şəxslərə öz fəaliyyətlərini qanunvericiliyin tələblərinə uyğun qurmaq və heyvan kəsimini mərkəzləşdirilmiş, müasir kəsim məntəqələrində həyata keçirmək barədə göstərişlər verilib.
AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində ardıcıl tədbirlərini bundan sonra da davam etdirəcək və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısı qətiyyətlə alınacaqdır.
Namiq