
Payız ayları ilə birlikdə bir çox insan özünü halsız, yuxulu və motivasiyasız hiss etməyə başlayır. Foodinfo.az xəbər verir ki, dietoloq Larisa Nikitina URA.RU-ya açıqlamasında bunun əsas səbəblərindən birinin günəş işığının azalması nəticəsində dəridə vitamin D sintezinin zəifləməsi olduğunu bildirib. Mütəxəssis deyir ki, bu vitamin yalnız immuniteti gücləndirmir, həm də əhval-ruhiyyəyə, əzələ gücünə və ümumi enerji səviyyəsinə təsir edir. Buna görə payız və qış aylarında onu qida vasitəsilə bərpa etmək xüsusilə vacibdir.
Xarici ekspert vitamin D ilə ən zəngin məhsulların siyahısını təqdim edib və ilk sırada yağlı balıqların adını çəkib. Somon, skumbriya və seldə yüksək miqdarda vitamin D olur – məsələn, cəmi 100 qram təbii somon orqanizmin gündəlik ehtiyacının böyük hissəsini ödəyə bilər. Nikitina həmçinin treska qaraciyəri və balıq yağının əsl “vitamin bombas”ı olduğunu deyib. Cəmi bir çay qaşığı qaraciyər yağı təxminən 450 ME vitamin D ilə yanaşı, A vitamini və faydalı yağ turşuları da təmin edir.
Üçüncü məhsul kimi yumurta qeyd olunur. Vitamin D birbaşa yumurtanın sarısında olur və bir yumurta gündəlik tələbatın təxminən 5%-ni qarşılayır. Bitki mənşəli yeganə təbii mənbənin göbələklər olduğunu bildirən dietoloq vurğulayıb ki, xüsusilə ultrabənövşəyi işıq altında yetişdirilən göbələklərdə bu vitaminin səviyyəsi daha yüksək olur. Bundan əlavə, müasir bazarlarda zənginləşdirilmiş məhsullar – yəni istehsal zamanı vitamin D əlavə edilən süd, bitki mənşəli süd (soya, yulaf) və hətta bəzi meyvə şirələri də mövcuddur.
Mütəxəssis xatırladır ki, böyüklər üçün orta sutkalıq norma təxminən 600 ME hesab olunur, lakin bəzi insanlarda optimal səviyyə daha yüksək ola bilər. Bununla belə, Nikitina xəbərdarlıq edir: vitamin D-nin əlavələr şəklində özbaşına yüksək dozada qəbulu təhlükəlidir. Bu, kalsium mübadiləsinin pozulmasına və damarların duzlarla tutulmasına səbəb ola bilər. Dietoloq vurğulayır ki, əlavə preparatlar yalnız qan analizindən sonra və həkim nəzarəti ilə qəbul edilməlidir. Onun fikrincə, düzgün qidalanma + tibbi nəzarət = sağlam payız və güclü immunitet.