Həkim-allergoloq və immunoloq Nataliya Popovanın sözlərinə görə, mağazalarda satılan dondurmalar piylənmə və şəkərli diabet riskini artırır. Foodinfo.az xəbər verir ki, bu, məhsulun tərkibindəki yüksək şəkər miqdarı ilə bağlıdır.
Mütəxəssis bildirib ki, sənaye üsulu ilə istehsal olunan dondurmalarda çox vaxt süni dadvericilər, rəngləndiricilər, sabitləşdiricilər və qoruyucu maddələr olur. Onların hər biri orqanizmdə allergik reaksiyalara, diş çürüməsinə və həzm problemlərinə səbəb ola bilər.
“Belə dondurmalarda şəkərin miqdarı o qədər yüksəkdir ki, bu, qanda qlükozanın səviyyəsini kəskin yüksəldir. Nəticədə ikinci tip şəkərli diabet və artıq çəki yaranma riski artır,” – deyə həkim qeyd edib.
Popovanın sözlərinə görə, bu risklərdən qorunmaq üçün ən yaxşı alternativ ev şəraitində hazırlanan dondurmadır. Bunun üçün təbii yoqurt, təzə giləmeyvələr və baldan istifadə etmək, şəkərin və süni qatqıların miqdarını minimuma endirmək məsləhət görülür.






