Azərbaycanın bir çox rayonlarında nar bağı olsa da, vətəni Göyçay hesab edilir. Göyçayın bütün kəndlərində nar bağlarına rast gəlmək mümkündür. Fermerlər bağ salarkən, əsasən, narın “Gülövşə”, “Balamürsəl”, “Vələs”, “Şıxbaba” və şirin nar növlərinə üstünlük verirlər. Sentyabrın ilk günlərindən məhsul yığmağa başlayan fermerlər məhsulu Rusiya bazarlarına çıxarır, eləcə də paytaxt və region bazarlarında satırlar. Bazara çıxarılmayan məhsulu isə şirə emalı zavodları alır. Bundan əlavə, bol vitamin deposu, şəfa qaynağı olan nardan ev şəraitində nar şirəsi, narşərab, nar turşusu, nar çaxırı, limonad, mürəbbə və kompot da hazırlanır. Foodinfo.az AZƏRTAC-a istinadən xəbər verir ki, sənaye üsulu ilə istehsal edilsə də, alıcılar daha çox ev şəraitində hazırlanan narşərabına üstünlük verirlər. Əlbəttə, ev şəraitində hazırlanmış narşərab öz rənginə və dadına görə seçilir. Göyçayın Qarabaqqal, Ləkçıplaq, Yekəxana, Yalman və bir çox kəndlərində hazırlanan narşərablar, əsasən, bölgə, bəzən də paytaxt bazarlarına çıxarılır. Ləkçıplaq kənd sakini Lətifə Əliyeva həyətində becərdiyi nardan hazırladığı narşərabla ailəsini dolandıran rayon sakinlərindən biridir. Müsahibimiz deyir ki, nərşərabın hazırlanması uzun, bir qədər də çətin proses olduğu üçün, bir neçə nəfərin köməyi olmadan bu işin öhdəsindən gəlmək elə də asan deyil. Amma buna baxmayaraq, onun satışından yaxşı qazanc əldə etmək mümkündür. Əgər bir ailə günə 6 litr narşərab hazırlasa, bu, 30 manat pul deməkdir. Lətifə xanım narşərabın hazırlanması qaydasından danışarkən bildirir ki, ilk növbədə, ağacdan dərilən nar dənələnməli, təmiz su ilə yuyulub bişirilməsi üçün hazır vəziyyətə gətirilməlidir. Çox vaxt kəndlərdə narşərab ocaq üzərində bişirilir. Bununla, həm qaza qənaət edilir, həm də məhsul daha dadlı olur. Nar dənələri təmiz yuyulduqdan sonra süzülməlidir ki, sulu olmasın. Od üzərində olan qaba tökülən nar dənələri, təxminən 15-20 dəqiqə qaynadılır. Vaxtaşırı qarışdırılaraq dənələr əzilir. Bu zaman qarışdırmaq üçün taxta qaşıqlardan istifadə edilməsi məsləhətdir. Ocaq üzərindən götürülən bişmiş nar dənələri süzgəcdən keçirilməklə tumları çıxardılır. Əldə edilən narın şirəsi yenidən təmiz qaba süzülür. 20-25 dəqiqə ərzində vam odda qaynadılan şirəyə duz tökülür. Bundan sonra tam bişən məhsul ocaqdan götürülərək soyudulur. Növbəti mərhələdə şüşə qablara yığılan narşərab satış üçün, eləcə də yağlı yeməklərdə istifadə üçün hazır olur. Uzun müddət istifadəyə yararlı olması üçün işıq düşməyən və sərin yerdə saxlanılmalıdır. Adətən 20 kiloqram nardan 12-13 kiloqram nar giləsi, həmin dənələrdən isə 3 litr narşərab almaq mümkündür. Lətifə xanımın sözlərinə görə, bəzən məhsulu satmaq üçün bazara çıxarmağa ehtiyac qalmır. Bir çox alıcı narşərabı evlərdən alaraq paytaxt bazarlarına daşıyır. Amma bəzi sakinlər hazırladıqları məhsulları bölgə bazarlarına aparmaqla bir qədər də baha sata bilir. İndi yerli bazarda narşərabın bir litrinin 5 manata satıldığını deyən Lətifə xanım, qış aylarında bu rəqəmin 10 manata qədər qalxdığını söyləyir. [gallery ids="43072,43073,43074,43075,43076,43077"]