Bal çay və qəhvə də daxil olmaqla içki və qidaları şirinləşdirmək üçün istifadə edilir. Əslində, bir çox insan şəkər və ya digər dadlandırıcılara alternativ olaraq bala üstünlük verirlər. Xüsusilə bitki çaylarında şəkər əvəzinə baldan istifadə etmək daha çox geniş yayılıb. Bununla belə, balın sağlamlıq üçün bir çox faydası olsa da, nəzərə alınmalı olan bəzi nüanslar var.

Foodinfo.az xəbər verir ki, şəkər və dadlandırıcılardan fərqli olaraq, bal qəhvəni bəzi vitamin və minerallarla təmin edə bilər. Bundan əlavə, bal allergiyanı azaltmağa və immuniteti gücləndirməyə kömək edən polen ehtiva edir. Ancaq isti qəhvəyə az miqdarda bal əlavə etməyin əhəmiyyətli faydalar təmin edəcəyini gözləmək olmaz. 

Sağlam bir həyat üçün əlavə şəkər qəbulu gündəlik kalori qəbulunun 5%-dən çox olmamaqla məhdudlaşdırılmalıdır. Qəhvəyə 2 çay qaşığı bal əlavə etmək bu həddi aşmağınıza səbəb ola bilər. 

Əlavə şəkərin yüksək qəbulu diabet, ürək xəstəliyi və piylənməyə səbəb ola bilər. Xüsusilə gündə 2 fincandan çox qəhvə içirsinizsə, balın verdiyi kalori miqdarı çox yüksək ola bilər. Gündəlik kalorilərinizi azaltmaq istəyirsinizsə, qəhvənizi bal ilə şirinləşdirmədən içmək məsləhət görülür.

Bal qəhvənizin dadını dəyişə bilər. Balın dadı onun hazırlandığı polen növündən asılıdır. Çiçək və ya şabalıd balının dadları bir-birindən çox fərqlidir. Buna görə də qəhvəyə bal əlavə etmək qəhvənin dadının və aromasının dəyişməsinə səbəb olur. Qəhvənizə bal əlavə edəcəksinizsə, dadın çox dəyişməməsi üçün az miqdarda yonca balı kimi yumşaq bir dadla başlaya bilərsiniz. 

Qəhvəyə bal əlavə edib etməmək tamamilə zövqünüzdən asılıdır. Bununla belə, piylənmə və şəkərli diabet xəstələri bal da daxil olmaqla, tərkibində şəkər əlavə olunan qidalardan uzaq durmalıdırlar. Həmçinin gündəlik qəhvə istehlakı 2 fincanla məhdudlaşdırılmalıdır. Həddindən artıq kofein qəbulu həm asılılığa, həm də ürək döyüntüsü və yuxusuzluq kimi arzuolunmaz simptomlara səbəb ola bilər.