Su orqanizm üçün vacib olsa da, onun arıqlamağa birbaşa təsiri yoxdur. Foodinfo.az xəbər verir ki, diyetoloq Mixail Ginzburq suyun faydalı olduğunu, lakin onun arıqlama prosesində həlledici rol oynamadığını bildirib.

Mütəxəssisin sözlərinə görə, su mədədə uzun müddət qalmır və qidanı əvəz edə bilmir. “Mədə xüsusi quruluşa malikdir, onun qatlardan ibarət olması suyun tez bir zamanda qida borusundan keçərək orqanizmdən çıxmasına səbəb olur. Buna görə də su içmək toxluq hissini uzunmüddətli yaratmır”, — deyə Ginzburq qeyd edib.

Alimin fikrincə, səhər acqarına su içmək maddələr mübadiləsini bir qədər sürətləndirə bilər, lakin bu, bədən çəkisinin azalmasına birbaşa təsir göstərmir. Su yalnız orqanizmin təmizlənməsini və qida maddələrinin düzgün mənimsənilməsini dəstəkləyir.

Mütəxəssis əlavə edib ki, arıqlamaq üçün əsas amil qida balansı, fiziki hərəkət və sağlam yuxudur. Suyun düzgün qəbul edilməsi bu proseslərə kömək edə bilər, amma nəticəni özü-özlüyündə təmin etmir.

Digər tərəfdən, “Skandinaviya Sağlamlıq Mərkəzi”nin qastroenteroloqu Olqa Çistik bildirib ki, kofeinin orqanizmdə təsiri səkkiz-on saat davam edir. Buna görə də axşam saatlarında qəhvə içmək yuxu keyfiyyətinə mənfi təsir göstərir.

Həkimin sözlərinə görə, kofeini çox qəbul edən insanlar yuxuya getməkdə çətinlik çəkə və ya yuxu zamanı tez-tez oyanma halları yaşaya bilərlər. O, xüsusilə axşam saat 14:00–15:00-dan sonra qəhvə içməməyi tövsiyə edib.

Çistik əlavə edib ki, əgər insan axşamlar qəhvəsiz qala bilmirsə, o zaman kofeinsiz qəhvə növlərinə üstünlük vermək daha doğrudur. Bu həm yuxu rejimini qorumağa, həm də sinir sistemini artıq gərginlikdən uzaq saxlamağa kömək edir.

Mütəxəssislərin fikrincə, sağlam qidalanma, suyun yetərli miqdarda qəbulu və düzgün yuxu rejimi arıqlamaq istəyən insanlar üçün ən etibarlı və təhlükəsiz yoldur.

Su